Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Türkiyə Respublikası Yurisdiksiya Məsələrinə dair işlər üzrə Məhkəməsinin sədrini qəbul etdi
Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Türkiyə Respublikası Yurisdiksiya Məsələrinə dair işlər üzrə Məhkəməsinin sədri Serdar Özgüldür və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdunda salamladıqdan sonra şəhər haqqında ətraflı məlumat vermiş, burada həyata keçirilən infrastruktur layihələrindən, beynəlxalq tədbirlərdən söhbət açmışdır. Elmar Vəliyev bildirmişdir ki, hazırda Gəncədə iki böyük yubileyə – ümummilli lider Heydər Əliyevin 90 və böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə hazırlıq işləri gedir. 360 hektarlıq sahədə yerləşən Heydər Əliyev parkında ulu öndərin adını daşıyan mərkəzin tikintisi sürətlə davam etdirilir. Məhsəti Gəncəvi mərkəzinin inşası da uğurla aparılır. Bundan başqa xalq qəhrəmanı Cavad xanın heykəlinin ucaldılması, Mirzə Şəfi Vazeh adına parkın salınması və parkda onun heykəlinin ucaldılması da nəzərdə tutulmuşdur. Gəncədə təhsilin, səhiyyənin, eləcə də mədəniyyətin inkişafı sahəsində görülən işləri diqqətə çatdıran Elmar Vəliyev bu il xeyli sayda məktəbin tikildiyini və əsaslı şəkildə təmir edildiyini söyləmiş, səhiyyə ocaqlarının yenidən qurulduğunu qonaqların nəzərinə çatdırmışdır.
Türkiyə Respublikası UYUŞMAZLIK Məhkəməsinin sədri Serdar Özgüldür Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevə Gəncəyə səfərindən razı qaldığını və Nizami yurdunda olduğundan məmnunluğunu bildirmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qonağa Nizami Gəncəvinin “Xəmsə”sini və xatirə medalını hədiyyə etmişdir.