Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə '20 Yanvar' faciəsinin 28-ci ildönümü münasibəti ilə ümümşəhər tədbiri keçirilib

20 yanvar 2018 | 16:00
 

Öncə 20 yanvar faciəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra avtomobillər, yanğınsöndürən maşınlar vasitəsi ilə saat 12:00-da səs siqnalları verilib.

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən Şəhidlər Memorial Kompleksi Abidəsi önünə əklil qoyulub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şah Abbas Cümə məscidinin axundu Hacı Rahil tərəfindən şəhidlərin ruhuna dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev çıxış edərək 28 il bundan öncə törədilən "20 Yanvar" hadisəsinin təkcə hüzn günü kimi yox, eyni zamanda tariximizin şərəf və qəhrəmanlıq günü kimi yaddaşlarda qaldığını qeyd edib.

Elmar Vəliyev bildirib ki, "20 Yanvar" və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bununla belə Azərbaycan xalqı hər zaman olduğu kimi öz qürurunu itirmədi, onun iradəsi qırılmadı.  Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkədə, onun tərkib hissəsi olan Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləri aradan qaldırılır.

İcra başçısı qeyd edib ki, 28 il əvvəl Bakıda törədilən qətliam Gəncədən də yan keçməyib. Yanvarın 19-dan 20-nə keçən gecə Gəncə 1 şəhid verib. Gəncənin "20 Yanvar" şəhidi Valeri Boqdanovdur. Hadisə nəticəsində 1 nəfər şəhər sakini isə yaralanıb. Hər il olduğu kimi, yanvarın 20-də gəncəlilər şəhidlər xiyabanına axışaraq Azərbaycanın azadlığı uğrunda canlarından keçən həmvətənlərimizin əziz xatirəsini anır. Bildirib ki, "Şəhidlər Xiyabanı"nda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi uğrunda canlarından keçən 371 şəhidin məzarı var. Onlardan 49-u naməlum, 1-i isə şəhid qadının məzarıdır. 

Şəhid anası Minayə Piriyeva çıxış edərək "Qanlı Yanvar" gecəsi baş verən hadisələri ürək ağrısı ilə xatırlayıb. Minayə Piriyeva Vətən uğrunda canını qurban verən şəhidlər ilə fəxr etdiyini bildirib. Həmçinin dövlət tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan minnətdarlıqla danışıb. 

Gəncə Dövlət Universitetinin "Ümumi tarix" kafedrasının dosenti Bəxtiyar Hüseynov çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə yerinə sovet ordusunun hissələri yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb, itkin düşüb. Dosent ,keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacağını vurğulayıb.

Çıxışlardan sonra Gəncə Dövlət Dram Teatrının aktyorları şəhidlərin xatirəsinə həsr olunan "Qan Yaddaşı" adlı bədii kompozisiya nümayiş etdirib.

Şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri tərəfindən şəhid məzarları ziyarət olunub, gül dəstələri qoyulub. 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhid ailələri ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Keçidlər