Birinci rübün sosial-iqtisadi inkişafının yekunu və qarşıda duran vəzifələr haqqında hesabat toplantısı keçirildi
Elmar Vəliyev: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin reallaşması nəticəsində ölkənin bütün bölgələri kimi, Gəncə şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanmış, şəhərdə tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır.
2013-cü ilin birinci rübündə Gəncə şəhərinin sosial-iqtisadi inkişafının yekunu və qarşıda duran vəzifələr haqqında şəhər ictimaiyyəti nümayəndələri qarşısında hesabat verən İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qeyd etmişdir ki, Gəncədə 2013-cü ilin birinci rübündə ümumi daxili məhsulun həcmi 4,6 faiz artmış, orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 11,5 faiz təşkil etmişdir.
Şəhər iqtisadiyyatının əsasını təşkil edən sənayedə 2013-cü ilin birinci rübündə 39,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehsal olunmuş məhsulların çeşidinə, onların əhatə dairəsinin genişliyinə görə mühüm əhəmiyyətə malik emal sənayesində istehsalın həcmi 4,6 faiz artmış, məhsulun 71,9 faizi bilavasitə qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrdə istehsal edilmişdir.
Şəhərdə reallaşmasına başlanılmış və həyata keçirilmiş bir sıra mühüm layihələrdən bəhs edən İcra Başçısı bildirmişdir ki, bütün bunlar yaxın gələcəkdə sənaye məhsullarının strukturunda ciddi dəyişikliklər yaranmasına zəmin yaratmış olacaqdır.
Möhtərəm Prezident cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilmiş “Gəncə DET AL” MMC-nin Alüminium zavodunun ildə 50 min ton alüminium istehsal edəcək ikinci fazasının inşası davam etdirilir. Zavod ən yüksək texnoloci, ekoloci və keyfiyyət standartlarına cavab verir.
İcra Başçısı vurğulamışdır ki, “Gəncə-Qənnadı” ASC-nin Süd emalı zavodunda, “Elba Kəsim və Emal Fabrikası” MMC-də, həmçinin “İnter-Pak” MMC-də aparılan əsaslı təmir və bərpa işləri davam etdirilir. Eləcə də “Gəncə Şərab-2” ASC-də, “Gəncə Əlvan Metal emalı” ASC müəssisələrində son tamamlama işləri aparır. Bu yeni istehsal sahələri əmtəəlik məhsulun artımına, yeni iş yerlərinin yaradılmasına imkan verəcəkdir.
Bu yaxınlarda “Neon” firmasında gündəlik istehsal gücü 25 ton olan ən müasir Çörək zavodunun istifadəyə verilməsi ilə müəssisədə əlavə olaraq 20-25 nəfər işlə təmin olunmuşdur. Adları qeyd olunan müəssisələrin yenidən qurulması və istehsal sahələrinin genişləndirilməsi gələcəkdə məhsul istehsalının artımına və yeni iş yerlərinin yaradılmasına imkan yaradacaqdır.
Elmar Vəliyev sözünə davam edərək bildirmişdir ki, şəhərdə yaranan iqtisadi sabitlik və əlverişli investisiya mühitindən məqsədyönlü yararlanan investorlar şəhər üzrə qoyulmuş sərmayələrin 15,6 faizini sənayeyə yönəltmişlər.
Gəncə sözün həqiqi mənasında aparılan genişmiqyaslı quruculuq işləri ilə simasını gündən-günə yeniləşdirir, gözəlləşdirir. Şəhərdə gedən böyük quruculuq işlərindən bəhs edən İcra Başçısı bildirmişdir ki, tikinti müəssisələrinin öz gücləri ilə yerinə yetirdikləri inşaat işlərinin həcmi 2012-ci ilin səviyyəsini 11,6 dəfə üstələmişdir. Görülmüş işlərin 4,8 faizini yeni tikinti, yenidənqurma və genişləndirmə, 0,2 faizini əsaslı təmir, 95,0 faizini cari təmir işləri təşkil etmişdir.
Ulu öndər Heydər Əliyevin əvəzedilməz irsinin daha da mükəmməl öyrənilməsi, onların gənc nəslə yetərincə aşılanması, gələcək nəsillərə layiqincə çatdırılması məqsədilə ən müasir layihə əsasında sahəsi 4500 kv metr olan üçmərtəbəli Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. Bu möhtəşəm binada müxtəlif dərnəklər, sərgi zalı, elektron və adi kitabxana, ekspozisiya və müşavirə zalları da nəzərdə tutulmuşdur. İnşası aparılan Nizami Gəncəvi muzeyinin, Uşaq yaradıcılıq və Məhsəti Gəncəvi adına mərkəzlərin, Gəncə Dövlət Filarmoniyasının tikintisi sürətləndirilmişdir.
Məhz cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşların Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində Gəncə şəhərində fəaliyyət göstərəcək "ASAN xidmət" mərkəzinin tikintisinin bu ilin sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.
Heydər Əliyev prospektində Nizami və Kəpəz rayon Polis idarələrinin inzibati binalarının inşası davam etdirilir. Şəhərin memarlıq üslubuna uyğun inşa edilən binalarda əməkdaşlar üçün müasir tələblər baxımından hər cür şərait yaradılacaqdır.
E.Vəliyev şəhərin müxtəlif ərazilərində kərpicdən inşa edilən binalarda təmir-bərpa işlərinin aparılmasının vətəndaşların rahatlığına xidmət etməsilə yanaşı şəhərin simasının da gözəlləşməsinə vəsilə olduğunu qeyd etmişdir. Belə ki, Nizami prospektində 2,5 km məsafədə mövcud avtomobil yolu genişləndirilmiş, 70-ə yaxın inşa edilən fərdi yaşayış evinin fasad hissəsi milli memarlıq üslubunda müxtəlif ornamentlərlə bəzədilmişdir. Geniş abadlıq-quruculuq işləri ilə yanaşı mühəndis-kommunikasiya xətləri yeniləndirilmişdir.
Gəncəçayın şəhər ərazisindən keçən hissəsində sahilboyu bərkitmə işlərinin aparılması və çayın məcrasının yenidən qurulması davam etdirilir. Çayın sağ hissəsində ilkin olaraq 1,2 km uzunluğunda salınacaq parkda yeni infrastruktur layihələr həyata keçiriləcək ki, bu da Gəncənin qədim görkəminə yeni bir müasirlik gətirəcəkdir.
İcra Başçısı sözünə davam edərək demişdir ki, dövlət başçısının imzaladığı Sərəncam əsasında 35 min nəfər əhalinin yaşadığı 5 yaşayış qəsəbəsini Gəncə şəhəri ilə birləşdirən 21 km olan avtomobil yollarının tikintisi davam etdirilir. Məhsəti, Natəvan və Şıxzamanlı qəsəbələrində inşa edilib istismara verilmiş yollar əsaslı şəkildə yenidən qurulmuş, yeni işıqlandırma sistemləri quraşdırılmışdır.
Əhalini ən çox narahat edən və mənzil fonduna aid olan yaşayış binalarının fasadları müasir üsluba uyğun təmir edilir və dam örtükləri dəyişdirilir. Şəhərdə yaşıllıqların salınması, mühafizəsi, yeni ağacların əkilməsi və onlara aqrotexniki qulluq göstərilməsi daim diqqət mərkəzindədir. Gəncənin müxtəlif ərazilərində 12 min 700-dən çox ting salınmış, 15 min 300-ə yaxın mövsümü gül və çiçək əkilmiş, 1,2 hektar sahədə çəmənlik salınmış, 6 ədəd subartezian quyusu təmir olunaraq istifadəyə verilmişdir.
Nəqliyyat, rabitə və informasiya xidməti sahəsində qazanılan uğurlardan bəhs edən İcra Başçısı demişdir ki, Bakı istiqamətində şəhərin giriş hissəsində 3 mərtəbəli yeni Beynəlxalq avtovağzalın inşası davam etdirilir. 2012-ci il ərzində avtovağzalın inşasına 680 min manat vəsait yönəldilmişdir. Avtovağzalın ərazisində mehmanxana, ticarət mərkəzi və digər obyektlər fəaliyyət göstərəcəkdir.
Bundan başqa ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə göstərilən xidmətin səviyyəsini yüksəltmək məqsədilə 48 yeni müasir dayanacaq quraşdırılmışdır və bu işlər davam etdirilir.
Gəncə Telekommunikasiya İdarəsi tərəfindən aparılan yenidənqurma işləri nəticəsində ilin əvvəlindən genişzolaqlı internet xidmətlərinin təşkili davam etdirilərək, 257 saylı ATS-ə 48 portluq DSLM (rəqəmsal xətlərin multiplekləşdiricisi) avadanlığı quraşdırılaraq əhalinin istifadəsinə verilmişdir. Hazırda ADSL-lərin montac tutumu 3 min 160 ədəd təşkil edir.
Elmar Vəliyev qeyd etmişdir ki, möhtərəm Prezident İlham Əliyev tərəfindən müəyyən edilən vəzifələrin icrasının əsas istiqamətlərindən biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təşkili, Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamasıdır.
Prezidentin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifahı yaxşılaşır.
Bu sahədə görülən işlər nəticəsində şəhər əhalisinin gəlirləri 2012-ci ilin birinci rübü ilə müqayisədə 9,8 faiz artmışdır. Şəhər əhalisinin, xüsusən də aztəminatlı təbəqələrin sosial müdafiəsinin gücləndirilməsi, onların maddi-rifah halının yaxşılaşdırılması məsələlərinin daim diqqət mərkəzində saxlanılması görülən işin keyfiyyətinə müsbət təsir göstərmişdir.
Yeni Gəncə yaşayış massivində yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün 30 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzinin və 25 yerlik sosial sığınacağın layihə-smeta sənədləri hazırlanmış və yaxın müddətdə tikintisinə başlanılacaqdır.
II Dövlət Proqramı çərçivəsində Yeni Gəncə yaşayış massivində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 9 mərtəbəli 81 mənzilli yaşayış binasının tikintisinə hazırlıq işləri aparılır.
Şəhər İcra Hakimiyyətinin Başçısı vətənin azadlığı, ərazi bütövlüyü, xalqın səadəti uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirməsindən bəhs edərkən demişdir ki, inşa edilən əzəmətli “Şəhidlər” memorial kompleksi indi insanların ziyarət yerinə çevrilmişdir. Burada 49 naməlum şəhid olmaqla, 369 şəhidin uyuduğu məzar vahid formada, qara mərmərdən düzəldilmiş, onların şərəfinə 22 metr hündürlüyündə, 9,2 metr diametrdə, 8 guşəli əzəmətli monumental abidə ucaldılmışdır.
Memorial kompleksin giriş hissəsində avtomobillər üçün dayanacaq düzəldilmiş, hündürlüyü 5 metr olan 3 tağlı giriş darvazası inşa edilmişdir.
Şəhər ərazisində məskunlaşmış məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 25 hektar sahədə yaşayış şəhərciyinin salınmasına başlanılmışdır. Həmin ərazidə 25 ədəd 5 mərtəbəli yaşayış binasının tikintisi və hər binada 60 ailə olmaqla 1500 məcburi köçkün ailəsinin məskunlaşdırılması planlaşdırılır.
Sahibkarlıq sinfinin formalaşması üçün hüquqi bazanın yaradılması, dövlət tərəfindən hərtərəfli dəstəyin verilməsi, sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir.
Gəncə şəhərində azad sahibkarlığa yaradılan münbit şərait və sərbəst iqtisadi fəaliyyətə geniş imkan verilməsi yerli sahibkarlarla yanaşı, xarici investorların da Gəncəyə daha çox maraq göstərməsinə gətirib çıxarmışdır.
Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2012-2013-cü illərdə Gəncədə 16 sahibkara müvəkkil kredit təşkilatları vasitəsi ilə 3 milyon 877 min manat məbləğində güzəştli kredit vəsaiti ayrılmışdır. Beləliklə, bu layihənin icrası ilə 119 yeni iş yeri yaradılacaqdır.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı II Dövlət Proqramı”nda Gəncə şəhəri üzrə nəzərdə tutulan tədbirlərin icrası bu ilin 3 ayı ərzində 1066 yeni, o cümlədən 957 daimi iş yerinin açılmasına imkan yaratmışdır.
Əhalinin sosial rifah halının yaxşılaşdırılması ilə yanaşı, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılması daim diqqət mərkəzindədir.
İcra Başçısı xidmət və infrastruktur sahələrində işin müasir tələblər səviyyəsində qurulduğunu qeyd edərkən bildirmişdir ki, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatında uğurlara imza atılıb. Belə ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində mühüm infrastuktur layihələr həyata keçirilib.
E.Vəliyev sözünə davam edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində şəhərin təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması istiqamətində bir çox işlər görülür. Respublikanın, eləcə də Gəncə şəhərinin sosial-mədəni inkişafında Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti əvəzsizdir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi, onun bütün sahələrinin məqsədyönlü inkişafı və daha da zənginləşdirilməsi şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmuşdur.
Gəncə Şəhər İcra Hakimiyyəti təhsil ocaqlarının tikintisi və təmirinə, onların müasir tələblərə uyğun qurulmasına, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli təhsil almalarına xüsusi qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Uşaq evində başlanan əsaslı təmir və tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir, 2 saylı uşaq bağçasının yeni binasının tikintisi davam etdirilir. Təhsil ocaqları əsaslı surətdə təmir edilərək tam yeni formada qapılarını müəllim və şagirdlərin üzünə açır.
Şəhərdə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasından bəhs edən E.Vəliyev xəstəliklərin qarşısının alınması məqsədilə bir çox mühüm tədbirlərin həyata keçirildiyini bildirmişdir.
Səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə görülən işlər, eləcə də təmirə ehtiyacı olan xəstəxanalarda əsaslı təmir işləri sürətləndirilmiş, bir qismində isə başa çatdırılmışdır.
Şəkərli diabet xəstələrinin şəkərsalıcı dərman vasitələri ilə təminatına xüsusi diqqət yetirilmiş, bu ildən başlayaraq onlara özünənəzarət vasitələri üçün strip testlərinin verilməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin apardığı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi mədəni irsimizin mühüm tərkib hissəsi olan abidələrin və digər zəngin memarlıq nümunəsi sayılan tikililərin bərpa edilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndiril-məsi və qorunub saxlanılması sahəsində Gəncə şəhərində mühüm işlər görülür və bu sahədə müəyyənləşdirilmiş kompleks işlərin icrası gündəlik nəzarətdə saxlanılır.
Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gərgin əməyi nəticəsində UNESCO-nun bəşəriyyətin qeyri-maddi mənəvi irsinin reprezentativ siyahısına daxil edilmiş “Novruz” bayramı şənlikləri hər il olduğu kimi, bu il də öz xüsusi özəlliyi ilə təşkil olunmuşdur.
Xalqımız ulu öndər Heydər Əliyevin 90 illik yubileyini qeyd etməyə hazırlaşır. Şanlı yubileyin ölkə miqyasında layiqincə keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyev 2013-cü il yanvarın 21-də “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” Sərəncam imzalamışdır. Ulu öndərin yubileyinin yüksək səviyyədə, geniş miqyasda qeyd olunması üçün tədbirlərə start verilmişdir.
İcra Başçısı eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli “Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi və bu yubileyin möhtəşəm təntənə ilə qeyd edilməsi məqsədilə müəyyən hazırlıq işlərinin aparıldığını da bildirmişdir.
Azərbaycanda gənclər məsələsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. “Bu günkü gənc sabah ölkəmizi idarə edəcəkdir”- deyən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsini tövsiyə etmişdir.
Gənclərlə iş Gəncə şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətində mühüm yer tutmaqla daim diqqət mərkəzində saxlanılır.
31 yanvar 2013-cü il tarixdə 2 minə yaxın tələbə gəncin şəhər İcra Hakimiyyətinin Başçısı cənab Elmar Vəliyevlə görüşü keçirilmişdir. Həmin görüşün təəssüratı bu gün də gənclərin əhval-ruhiyyəsində hiss edilməkdədir.
Elmar Vəliyev çıxışının sonunda demişdir ki, ölkə başçısının proqram xarakterli fikirlərinin həyata keçirilməsi istiqamətində artıq şəhərimizdə konkret işlər görülür. Gəncə qədimiliyini qorumaqla yanaşı, dinamik inkişaf yolunu tutaraq qısa zaman kəsiyində simasını gündən-günə dəyişməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısını yaxından hiss edən, ölkə başçısının verdiyi göstəriş və tapşırıqları öz fəaliyyətində rəhbər tutan Gəncə Şəhər İcra Hakimiyyəti və yerli icra orqanları bu il ərzində də qarşıya qoyulan bütün vəzifələri layiqincə və tam yerinə yetirəcəkdir. İnanırıq ki, Gəncə şəhəri daha da inkişaf edəcək, gözəlləşəcək, ölkənin yüksəlişinə özünün dəyərli töhfələrini verəcəkdir.