Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib
Şəhərin 1-ci mikrorayon ərazisində keçirilən qəbulda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərin idarə-müəssisə rəhbərləri və sakinlər iştirak edib. Qəbulda 120 nəfərə yaxın sakinin müraciəti dinlənilib. Vətəndaşlar əsasən işlə təminat, lift problemi, binaların ətrafının abadlaşması, torpaq sahəsi ilə təminat məsələləri ilə bağlı şəhər rəhbərinə müraciət ediblər. Vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı tapşırıqlarını verib. Bir sıra məsələlər isə yerindəcə həllini tapıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, bugünə kimi şəhər ərazisində 856 binanın dam örtüyü yenilənib. Daha 64 binanın isə dam örtüyü yenilənəcək. 2019-cu ilin sonuna kimi Gəncədə əhali 24 saat içməli su ilə təmin olunacaq. Kanalizasiya sisteminin çəkilişi tam yekunlaşacaq. Sonrakı mərhələdə 250-ə yaxın küçəyə asfalt salınacaq. Şəhərin 7, 18 saylı məktəbləri, Təhsil İdman Mərkəzinin Gəncə filialı və şəhərin Nizami küçəsi yenidən qurulacaq. Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın inşası başa çatdırılacaq. Gəncəçay Park-Bulvar Kompleksinin sol hissəsində bulvar salınacaq, həmçinin yeni İdman Kompleksinin tikintisinə başlanılacaq.
Sakinlərdən Cəlalova Zərqələm, Qasımova Xatirə, Qayıbova Tərlan və başqaları vətəndaşlara daim diqqət və qayğı ilə yanaşdıqları üçün ölkə başçısı İlham Əliyevə və ölkənin birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, şəhərin 1-ci mikrarayon ərazisində 14 bina yerləşir və bu binalarda 10.000-dən çox vətəndaş yaşayır. Binalardan 3-ü doqquz mərtəbəli, qalanları isə beşmərtəbəlidir. Binaların hər birinin üzü və dam örtüyü dəyişdirilib, ətrafları abadlaşdırılıb, yeni bardurlar qoyulub, qazonlar salınıb. Həmçinin uşaqların asudə vaxtlarını səmərəli keçirtmələri üçün futbol meydançası salınıb.