Gəncədə 'Xorev' Tibb Mərkəzinin nümayəndələrinin iştirakı ilə elmi konfrans keçirilib
Konfransda Gəncə şəhər İcra Hakimiyyəinin başçısı Elmar Vəliyev, "Xorev" Tibb Mərkəzinin baş həkimi Roman Barak, sözügedən mərkəzin həkim-professor heyəti, həmçinin şəhər səhiyyə işçiləri və ziyalılar iştirak edib.
Konfransda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq, İsrail-Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan danışıb. Bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin Elmar Vəliyev dövlət başçısının Azərbaycanın tibb sahəsinə olan xüsusi qayğısını və Heydər Əliyev Fondu tərəfindən keçirilən müxtəlf tibbi layihələri də konfrans iştirakçılarının nəzərinə çatdırıb.
"Xorev" tibb mərkəzinin baş həkimi, "Qızıl Hippokrat" fondunun prezidenti və "Sərhədsiz həkimlər" fondunun rəhbəri Roman Barak ölkəmizdə və Gəncədə onlara göstərilən xoş münasibətə, yaradılan şəraitə görə dövlət başçısına və şəhər rəhbərinə öz təşəkkürünü bildirib. Səfərin əsas məqsədinin səhiyyədə gedən inkişafı daha da artırmaqdan və ölkələr arasındakı əməkdaşlığın genişləndirilməsindən ibarət olduğunu bildirən professor, layihənin bir çox ölkələrdə icra olunduğunu vurğulayıb.
Daha sonra İsrailin Ortopediya və Travmatologiya İnstitutunun direktoru professor Mark Edelman, Nevrologiya və insultların qarşısının alınması İnstitutunun direktoru, professor Bella Qross, Ginekologiya və dölün bətndaxili diaqnostikası İnstitutunun direktoru, professor Boris Vaysman, Onkologiya İnstitunun direktoru professor Qez İliyaqu, Ağır çəkili piylənmə İnstitutunun direktoru professor S.Asaliya, Çənə-üz cərrahiyyəsi İnstitutunun direktoru İ.Avnun məruzələrlə çıxış edərək aparılan elmi-tətqiqatlar, əldə olunan nailiyyətlər haqqında geniş məlumat veriblər.
Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı ilə "Xorev" Tibb Mərkəzinin Baş həkimi arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu əməkdaşlıq gəncəli həkimlərə İsrailin "Xorev" tibb mərkəzində təcrübə keçmək imkanı yaradacaq. Həmçinin İsrailli həkimlər Gəncədəki klinika və xəstəxanalara baş çəkərək, onların fəaliyyəti, aparılan araşdırma və tətqiqatlarla tanış olacaqlar.
Konfransdan sonra "Xorev-Gəncə" Tibb Mərkəzinin nümayəndəliyinin açılışı olub. Açılışdan öncə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu əlamətdar hadisə münasibəti ilə bütün səhiyyə işçilərini və sakinləri təbrik edib. Rəmzi qırmızı lent kəsildikdən sonra tibb mərkəzi ilə tanışlıq olub. "Xorev-Gəncə" Tibb Mərkəzində travmatoloq, endokrinoloq, terapevd, nevropotoloq və s. ixtisasdan olan həkimlər sakinlərə xidmət göstərəcəklər. Bütün müasir avadanlıqlarla təchis olunmuş tibb mərkəzində ehtiyac olduğu təqdirdə pasientlərə İsrailin "Xorev" Tibb Mərkəzinə də göndərişlər veriləcək.
Qeyd edək ki, Gəncə şəhərinə səfərləri çərçivəsində 'Xorev' Tibb Mərkəzinin nümayəndələri Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında və yeni istifadəyə verilən "Xorev-Gəncə" Tibb Mərkəzinin nümayəndəliyində 100-dən çox sakinə müayinələr edib, müayinələr zamanı onlarla maarifləndirici söhbət aparıblar.