Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Novruz mühazirəsi" keçirildi

07 mart 2018 | 16:00
 

 Təhsil Nazirliyinin təşkilatçılığı, Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə "Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik" mövzusunda "Novruz mühazirəsi" keçirilib. Mühazirədə Təhsil nazirinin müavini Firudin Qurbanov, şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, ictimaiyyət nümayəndələri, KİV təmsilçiləri, respublikamızın ali məktəblərində təhsil alan Türkiyə, Rusiya, İran, Çexiya, Çin, Banqladeş, Yunanıstan və digər ölkələrdən olan 30 əcnəbi tələbə iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin baş meydanında ucaldılan abidəsini ziyarət edib, önünə tər-çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.

"Novruz mühazirəsi" hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin yerləşdiyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi tarixi binada təşkil edilib. Qonaqlar Azərbaycan Xalq Cümhuriyyəti guşəsi ilə tanış olublar. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən, torpaq, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı "Xalq artisti" Nurəddin Mehdixanlı Cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm və təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib. 

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev dövlət başçısı İlham Əliyevin 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsini tarixi hadisə kimi qiymətləndirib, bu qərarın Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyər olduğunu vurğulayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov AXC dövründə baş verən proseslərdən, elm, təhsil, mədəniyyət və digər sahələrdə həyata keçirilən islahat və quruculuq işlərindən danışıb. 1998-ci ilin yanvarında ulu öndər Heydər Əliyevin AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam və 2018-ci ilin dövlət başçısı  İlham Əliyev tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi cümhuriyyət tarixinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Sonra Tarix elmləri doktoru professor Solmaz Rüstəmova-Tovhidi "Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik" mövzusunda çıxış edib. 

Tədbirdən sonra ölkəmizdə təhsil alan əcnəbi tələbələr qədim Gəncədə Cavad xan türbəsi, Şah Abbas məscidi, Çökək hamam,  Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar. Həmçinin böyük Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi, o cümlədən muzeyi ziyarət edilib, tələbələrə dahi şairin həyatı, yaradıcılığı və məqbərə haqqında ətraflı məlumatlar verilib.

Qeyd edək ki, Təhsil Nazirliyi 2016-cı ildən etibarən "Novruz mühazirələri" keçirir.

Keçidlər