Gəncədə beynəlxalq elmi simpozium keçirilir
Martın 9-da Gəncədə Heydər Əliyev Fondunun, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı çərçivəsində "Azərbaycanda muğamının konseptual mahiyyəti. Dil və ritmik özəllikləri" mövzusunda beynəlxalq elmi simpozium işinə başlayıb.
Simpoziumda Fransa, Kanada, Hollandiya, Serbiya, Macarıstan, Türkiyə, İran, Özbəkistandan və s. ölkələrdən dəvət olunmuş qonaqlar da iştirak edib.
Tədbiri AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev açaraq, qonaqları qədim Gəncədə, dünyaşöhrətli Nizami yurdunda salamlamaqdan məmnun olduğunu bildirib. Muğam festivalının əhəmiyyətindən danışan akademik Fuad Əliyev iki ildən bir keçirilən festival çərçivəsində keçirilən elmi simpoziumun AMEA Gəncə Bölməsinin həyatında əlamətdar hadisələrdən biri olduğunu deyib, tədbirin işində uğurlar arzulayıb.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva çıxış edərək, xalq musiqisi sənətinin inkişafı üçün dəyərli layihə olan muğam festivalının xalq yaradıcılığına böyük diqqət və qayğının göstəricisi olduğunu diqqətə çatdırıb.
AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əsrlər boyu nəsildən-nəslə keçən muğam sənətinin bu gün Azərbaycanda inkişafının ən yüksək mərhələsini yaşadığından, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə muğam sənəti ilə bağlı həyata keçirilən layihələrdən, muğam sənətinin qorunub saxlanması və təbliği istiqamətində görülən işlərdən danışıb.
AMEA-nın müxbir üzvü Könül Bünyadzadə "Muğam milli təfəkkürün konsepsiyası kimi", Macarıstan Elmlər Akademiyasının professoru Yanoş Sipoş "Azərbaycan xalq musiqisinin macar və Anadolu ilə bağlantısı", prosessor Nailə Rəhimbəyli "Folklor janrlarının xanəndə yaradıcılığında mövqeyi", Türkdilli ölkələrin Musiqi qrupları şurasının üzvü Quzel Sayfullina "Tatar müsəlman mədəniyyətində dini mətnlər" dossent Əfsanə Babyeva "Muğam və mifalogiyadakı şüurun qarşılıqlı əlaqəsi", dosent Fəxrəddin Baxşəliyev "Muğam sənəti ilə təsərrüf fəlsəfəsinin əlaqə prinsipləri" mövzularında çıxışlar ediblər. Elmi simpoziumda musiqişünas alimlər muğam musiqisini elmi cəhətdən müzakirə edib, onun mədəniyyətləri, xalqları birləşdirən körpü olduğunu vurğulayıblar.
Xalqımızın muğam sənətinə hörmət və sevgisindən, muğam sənətinin formalaşma mərhələlərindən, eləcə də milli mədəniyyətimizin inkişafına göstərilən dövlət qayğısından danışılan elmi simpoziuma martın 10-da yekun vurulacaq.