Avropa İttifaqı Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia Gəncəyə səfər etmişdir
Avropa İttifaqı Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Almaniyanın Azərbaycandakı səfirinin müavini Volfqanq Mössinger, İtaliyanın Azərbaycandakı səfirinin müavini, xanım Julia Gilotti və Avropa İttifaqının Azərbaycanda həyata keçirdiyi bir sıra layihələrin rəhbərləri Gəncəyə səfər etmişlər.
Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev tərəfindən mehribanlıqla qarşılanan Roland Kobia ilə işgüzar görüş keçirilmişdir. Görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qonaqları salamladıqdan sonra Gəncənin ictimai-siyasi vəziyyəti, onun iqtisadiyyatı barədə ətraflı məlumat vermiş və Azərbaycanda ikinci sənaye, mədəniyyət mərkəzi olan Gəncədə həyata keçirilən, eləcə də icrası vacib olan layihələrin reallaşmasında Avropa İttifaqı ilə əlaqələrin genişləndirilməsinin vacibliyindən danışmışdır.
Avropa İttifaqı Bakı nümayəndəliyinin rəhbəri Roland Kobia Gəncəyə səfərindən məmnun qaldığını bildirmiş və qeyd etmişdir ki, səfərin məqsədi həm şəhərlə yaxından tanışlıq, həm burada həyata keçirilən layihələrin vəziyyətini öyrənmək, eyni zamanda yeni layihələrin icrası üçün müzakirələr aparmaqdır.
Sonra Elmar Vəliyevlə Roland Kobia arasında bir sıra məsələlər, o cümlədən yeni layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə hər iki tərəf qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim etdikdən sonra Roland Kobia təmsil etdiyi qurumun maliyyə dəstəyi ilə Gəncədəki görmə əlilliyi olan insanlara dəstək proqramı layihəsi çərçivəsində istifadəyə verilən yeni mini mətbəənin açılışında iştirak etmişdir.