Gəncədə Milli Teatrın yaranmasının 145 illiyi qeyd edilib
Bununla bağlı Gəncə Dövlət Dram Teatrında Tuncer Cücenoğlunun "Matryoşka" adlı romantik komediyası teatrsevərlərə təqdim edilib. Tamaşaçılar arasında əsərin müəllifi Tuncer Cücenoğlu və məşhur türk aktyoru Emin Olcay olub.
Teatrın direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Əli Qasımov Milli Teatr Günü münasibətilə rəhbərlik etdiyi kollektivi və bütün teatrsevərləri təbrik edib, Azərbaycanda milli teatrın yaranma tarixindən, Gəncə Dövlət Dram Teatrının inkişaf yolundan danışıb. Bu gün ölkəmizdə mədəniyyətə və sənət adamlarına böyük diqqət və qayğı göstərildiyini, paytaxtla yanaşı bölgələrdə yeni teatr binalarının tikildiyini, əsaslı təmir edildiyini və ya yenidən qurulduğunu diqqətə çatdırıb.
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, müsiqi tərtibatçısı Tünzalə Mustafayevadır. Tamaşada əsas rolları xalq artisti Pərvanə Qurbanova, əməkdar artist Sevda Orucova və aktyor Yusif Cəfərov ifa edib.
Tamaşa anşlaqla keçib.