Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın 90 illik yubileyi təntənə ilə qeyd edilmişdir

26 aprel 2013 | 15:00

Gəncə Şəhər İcra Hakimiyyəti səhiyyə idarəsi ilə birlikdə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 90 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirmişdir.
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişindən sonra şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə Əliyevanın Azərbaycan səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışmışdır. Bildirmişdir ki, akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. Zərifə xanımın elmi tədqiqatları bilavasitə xalqa xidmət edirdi. Onun səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıldı.
Geniş dünya görüşünə, çevik ağla, heyrətamiz insanlara xas olan sadəlik, genişürəklilik, xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın şəxsiyyətində ahəngdar şəkildə qovuşmuşdu. İnsanlara intəhasız sevgi, onlarla ünsiyyətdə qeyri-adi sadəlik, yüksək mədəniyyət və ziyalılıq, həqiqətpərəstlik, dürüstlük kimi xüsusiyyətləri sayəsində Zərifə xanım hər yerdə özünə dərin hörmət və məhəbbət duyğuları doğura bilirdi.
Zərifə xanım, eyni zamanda dahi bir şəxsiyyətlə birgə yaşamışdı. Ömür-gün yolunda onun qarşısına çıxan həmin şəxsiyyət məhz ümummilli lider Heydər Əliyev idi. Heydər Əliyevin həyata keçirdiyi quruculuq işlərində Zərifə xanımın xidməti az deyil.
Bu gün Azərbaycan xalqı haqlı olaraq ulu öndərlə, eləcə də Zərifə xanımın yetirdiyi prezident İlham Əliyevlə fəxr edir.
Sonra şəhər göz xəstəxanasının baş həkimi Azər Məmmədov, xəstəxananın həkimlərindən Sevil Allahverdiyeva, Gültəkin Əsgərova, Rəbiyyə Məmmədova, 1 saylı poliklinikanın baş həkimi Xalidə Sadıqova, həkim Tələt Nəbiyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə və başqaları çıxış edərək  Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı naminə apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışmışdır. Qeyd olunmuşdur ki, çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Bu elmi işində də Zərifə xanım sadə insanların görmə problemlərini aradan qaldırmağa çalışdı. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Çıxış edənlər bildirmişlər ki, Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Jəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Jəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) curnalı redaksiya heyətinin üzvü idi. Doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru seçilmişdir. 1977-ci ildə Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının professoru seçilən Zərifə Əliyeva 5 ildən sonra bu kafedraya başçılıq etmişdir. 1981-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. 1983-cü ildə isə SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü seçilmişdir. «Əmək veteranı» medalına, «Qırmızı Əmək Bayrağı» ordeninə və Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
Ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım mehriban ailə başçısının, qüdrətli dövlət xadiminin mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yollarındakı qətiyyətli mübarizəsinə etibarlı dayaq olmuşdur. Övladları İlham Əliyev və Sevil Əliyevanın parlaq, işıqlı vətən övladları kimi tərbiyə olunmalarında göz həkiminin, əsl ziyalı, Azərbaycan qadınının əvəzsiz rolu minnətdarlıqla qeyd olunmalıdır.
Tədbirdə Zərifə xanım Əliyevanın təkcə bir həkim, alim kimi deyil, digər müsbət keyfiyyətlərindən də söhbət açılmış, onun gələcək nəsillərə nümunə olacaq həyat və fəaliyyəti barədə daha geniş məlumat verilmişdir.

Keçidlər