Mir Cəlal Paşayevin 105 illiyi təntənə ilə qeyd edilmişdir
Ömrünü ədəbiyyatımızın, elmimizin inkişafına həsr edən görkəmli yazıçı Mir Cəlal Paşayev mənalı bir həyat yaşamışdır. Zəngin yaradıcılıq yolu keçən Mir Cəlal xalqımızın vətənpərvərliyini, gənclərin arzu və istəklərini, həyatdakı mənfiliklərlə mübarizəni əks etdirən dəyərli romanlar, hekayələr yazmışdır. Akademik Məmməd Cəfər bu böyük sənətkarın şəxsiyyətini və yaradıcılığını yüksək qiymətləndirərək yazırdı: «Mir Cəlal sakit və təmkinli bir yazıçıdır: o, boş və artıq gurultudan, təbiiliyi poza biləcək bir cizgi belə işlətməkdən çəkinən yazıçıdır».
Bu günlərdə anadan olmasının 105 illiyi təntənə ilə qeyd olunan böyük ədib Mir Cəlalın ev muzeyində yubiley tədbiri keçirilmişdir. Tədbirin rəsmi hissəsindən əvvəl Gəncə Dövlət Dram Teatrının aktyorları yazıçının “Ərik ağacı” hekayəsinin motivləri əsasında səhnələşdirdikləri meydan tamaşasını göstərmişlər. 1941-ci ildə Gəncədə baş vermiş hadisələrdən bəhs edən və vətənpərvərlik tərbiyəsinin təbliğinə həsr olunmuş tamaşa yubiley iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
Sonra şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxış edərək görkəmli alim, pedaqoq və yazıçının həyat və yaradıcılığı haqqında danışmış, Mir Cəlalın həyatının və yaradıcılığının bir hissəsinin Gəncə ilə bağlı olduğunu diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, Mir Cəlal Paşayev bir müddət Gədəbəy, Şəmkir və Göygöl rayonlarında pedaqoji fəaliyyətlə məşğul olmuş, müəllim, sonralar isə məktəb direktoru işləmişdir. Ömrünün sonuna kimi Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan görkəmli yazıçı geniş oxucu kütləsi tərəfindən məhəbbətlə qarşılanan çoxlu sayda bədii və elmi monoqrafiyaların müəllifidir.
Yubiley tədbirində Aviasiya Akademiyasının professoru İbrahim Quliyev yazıçının yaradıcılığını xronoloji ardıcıllıqla təhlil etmiş və bildirmişdir ki, görkəmli ədib M.Füzulinin, S.Puşkinin və digər klassiklərin əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Mir Cəlal Paşayev eyni zamanda elmi işlərlə də məşğul olmuş, “Ukrayna Azərbaycan ədəbi əlaqələri” mövzusunda elmi axtarışlar aparmışdır.
Yubiley gecəsində Gəncə Dövlət Kamera Orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir.