Gəncə şəhər qadınlarının növbəti konfransı keçirilmişdir
Yeni Azərbaycan Partiyasının iclas salonunda şəhər qadınlarının növbəti konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymaqla ulu öndərə ehtiramlarını bildirmişlər.
«Heydər Əliyev və Azərbaycan qadını» sənədli filminin nümayişindən sonra şəhər İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Nizami Hacıyev məruzə ilə çıxış etmişdir.
Konfransda çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev demişdir ki, bu gün müstəqil respublikamızın elə bir sahəsi yoxdur ki, orada qadın əməyi hiss olunmasın. İstər iqtisadiyyatda, istər təhsildə, istər səhiyyədə, istərsə də mədəniyyət sahəsində qadınlar aparıcı qüvvəyə çevrilmişlər. Onlar nəinki istehsalatda, eləcə də ölkənin ictimai-siyasi həyatında da nümunə göstərirlər. Hazırda Gəncədə yaşayan qadınlardan 1 nəfəri AMEA-nın həqiqi üzvü, 130 nəfəri elmlər namizədi, 2 nəfəri elmlər doktorudur. 40 nəfərdən artıq qadın müxtəlif fəxri adlara layiq görülmüşdür. Milli adət və ənənələrimizin, mənəvi dəyərlərimizin, soy-kökümüzün qorunub saxlanması, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi işini fəaliyyət proqramı kimi qəbul edən şəhərin fəal qadınları yaşadığımız mürəkkəb zəmanəmizin qlobal problemlərinə biganə qalmamaqla yanaşı, respublikamızın dinamik inkişafı və tərəqqisi naminə bundan sonra da öhdələrinə düşən işləri layiqincə yerinə yetirməyə çalışırlar. Heç şübhə yoxdur ki, bu gün iftixar hissi ilə dediyimiz işlər – istər iqtisadi, istər sosial, istərsə də elm, səhiyyə və mədəni sahələrdə əldə etdiyimiz nailiyyətlərin bir ünvanı vardır. Bu ünvan ömrünün böyük hissəsini xalqına sərf edən, hər işdə xalqına arxalanan, ondan güc alan ulu öndər Heydər Əliyevdir. Azərbaycan qadınları bir də ona görə dahi şəxsiyyətə minnətdardırlar ki, öz ömrünü xalqımızın xoşbəxt gələcəyinə sərf edən bu dahi şəxsiyyətin başladıqlarını Prezident İlham Əliyev uğurla davam etdirir.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və professor Rəna Mirzəzadə çıxış edərək zərif cinsin nümayəndələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun təmin edilməsi, ailə-məişət problemlərinin həlli istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, eləcə də bu sahədə mövcud olan bəzi problemlərin həlli yollarından danışmışlar.
Konfransda Azərbaycan qadınlarının IV qurultayına nümayəndələr seçilmişdir.