Gəncəli gənclər hərbi xidmətə yola salınıb
Gəncədə gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib. Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən keçirilən mərasim "Zəfər Tağı" önündə təşkil edilib.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin rəisi Vüqar Mirzəyev, Nizami rayon şöbəsinin rəisi Emin Bağırov, Kəlbəcər rayon şöbəsinin rəisi Zöhrab Camalov , Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələr İctimai Birliyinin Gəncə şəhər filialının sədri Məmməd Rəhimov, Gəncə Hərbi Prokurorunun böyük köməkçisi Elçin Məmmədov, YAP Gəncə şəhər Təşkilatının şöbə müdiri Hüseyn Budaqov, YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov iştirak ediblər.
Mərasimdə çıxış edənlər hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıblar. Ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışılıb.
Gənclərə vətənin keşiyində ayıq - sayıq dayanmaları, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirmələri, qətiyyətlə və vicdanla vətənə xidmət etmələri tövsiyyə olunub. Sonra hərbi xidmətə yola düşən gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yola düşmələrindən qürur duyduqlarını söyləyiblər.
Daha sonra ordu sıralarına yola salınan gənclər Azərbaycan bayrağına sədaqət andı içiblər. Tədbir gənclərin rəngarəng rəqslərinin ahəngi ilə başa çatıb.