Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Aprel döyüşlərinin ildönümünə həsr edilən tədbir keçirilib

19 aprel 2018 | 16:00
 

Gəncə şəhər İcra Hakimiyyətinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Nəriman Nərimanov adına 25 saylı tam orta məktəbdə aprel döyüşlərinin ildönümü ilə bağlı vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsinin sədr müavini Elmar Fətəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Ayxan Babayev, şəhər Gənclər və İdman Baş idarəsinin məsləhətçisi Rəhman Quliyev, Aprel döyüşlərində şəhid olan Fərman Əsədlinin atası Elçin Əsədli, N. Nərimanov adına 25 saylı tam orta məktəbin direktoru Səmadil Əliyeva, yazıçı Gülnarə Sadiq, müəllim və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açan 25 saylı orta məktəbin direktoru Səmadil Əliyeva iştirakçıları salamlayaraq  aprel hadisələrini ölkəmizin yaxın tarixində iz qoyan məğrurluq, qəhrəmanlıq səhifəsi olduğunu bildirib. Direktor qeyd edib ki, apreldə baş verən hadisələr ordumuzun gücünün, qüdrətinin göstəricisidir. 

Elmar Fətəliyev çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsinin əsas məqsədi gənclərə dini radikalizm ilə necə mübarizə aparmaqla yanaşı həmçinin vətənpərvərlik hissini aşılamaqdır. Elmar Fətəliyev aprel döyüşlərinin dövlətin və ordunun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha göstərdiyini vurğulayıb. 

Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin məsləhətçisi Rəhman Quliyev çıxış edərək  tarixi qələbəmizin Azərbaycan dövlətinin, ordusunun, əsgərinin gücünü nümayiş etdirdiyini bildirib.

Şəhid atası Fərman Əsədlinin atası Elçin Əsədli çıxışında hər bir şəhid atası kimi oğlu ilə qürur duyduğunu söyləyib. Şəhid atası Aprel döyüşlərində qüdrətli Azərbaycan Ordusunun hərb tariximizə yeni şanlı səhifə yazdını qeyd edib. Elçin Əsədli oğlunun şəhidliyindən ötən illər ərzində onlara, o cümlədən bütün şəhid ailələrinə və döyüşlərdə yaralanan hərbi qulluqçulara ölkə rəhbərliyi tərəfindən daim diqqət və qayğının göstərildiyini vurğulayıb və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Daha sonra yazıçı Gülnarə Sadiqin "26 gün" kitabı təqdim olunub. Kitab 2016-cı ilin aprel döyüşlərində şəhid olan Fərman Əsədlinin həyatından bəhs edir. 

Tədbirin sonunda iştirakçılara "Şəhadət" sənədli filmi nümayiş etdirilib.

 
Keçidlər