UTECA II Milli Sənaye Mühəndisliyi Forumuna ev sahibliyi edib
Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), Lean Consulting şirkəti və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə II Milli Sənaye Mühəndisliyi Forumu keçirililib. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan forumun işində ölkəmizin bir çox aparıcı sənaye müəssisəsinin rəhbəri, elm və ali təhsil ocaqlarının, eləcə də xarici mütəxəssislərin nümayəndələri iştirak ediblər. Forumda sözügedən sahənin aktual problemləri müzakirə olunub, milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb.
Forum iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Dövlət Himninin səslənməsi ilə öz işinə başlayan forumda "Heydər Əliyev və Azərbaycan sənayesi" adlı videoçarx nümayiş etdirilib. Sonra UTECA-nın rektoru, professor Akif Süleymanov II Milli Sənaye Mühəndislyi Forumunu açıq elan edərək iştirakçıları salamlayıb. O, bildirib ki, ilki paytaxt Bakıda keçirilən Milli Sənaye Mühəndisliyi Forumunun ikinci dəfə Azərbaycanın ən böyük regional mərkəzində - ölkənin ikinci böyük şəhəri olan Gəncədə keçirilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişaf etdirilməsində regionların rolu və öhdəlikləri kifayət qədər böyükdür. Forumun mövzusu və əhəmiyyəti haqda da danışan UTECA-nın rektoru qeyd edib ki, Azərbaycanda sənayenin köklü inkişafı məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Təməli ümummilli lider tərəfindən qoyulan Azərbaycan sənayesinin inkişaf konsepsiyası İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də inamla davam etdirilir.
Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Sahibkarlığın İnkişaf Agentliyinin direktoru Orxan Məmmədov və bir sıra aparıcı şirkətlərin nümayəndələri forumun mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər, sessiyalarda qaldırılan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Forum ərzində həmçinin UTECA ilə KOSİA arasında əməkdaşlıq memorandumu, və UTECA ilə AMEA Yüksək Texnologiyalar Parkı (AMEA YTP) arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. AMEA YTP-nin direktoru Vüqar Babayev və UTECA-nın rektoru Akif Süleymanov tərəfindən imzalanan saziş ilkin məqsədi tərəflərinin birgə iştirakı ilə UTECA-da Texnologiya transfer ofisinin yaradılmasıdır.