Gəncə şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyev sakinlərlə görüşüb
Gəncənin Gülüstan yaşayış massivi Aydın Əliyev küçəsində aparılan abadlıq işlərindən sonra sakinlərlə görüş keçirilib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ərazidə aparılan təmir-bərpa işləri ilə tanış olub. Burada 1200 məsafədə eni 16 metr olan yol və səki hissəsi tam asfaltlanıb, 2400 p/metr bordür daşı düzülüb, ictimai nəqliyyat üçün yeni dayanacaq yaradılıb, 45 ədəd yeni işıq dirəyi quraşdırılıb. Bununla yanaşı 100-dən çox evin fasadı təmir olunub, qarşısına 200-dən çox ağac və gül kolları əkilib. Ərazinin su, kanalizasiya, qaz və elektrik şəbəkəsi tam yenilənib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərdə həyata keçirilən irimiqyaslı tikinti layihələri daha da sürətlənəcək. Gəncənin icməli su və kanalizasiya sistemləri yenidən qurulur. 5 mərhələdə həyata keçirilən layihə 50 milyon avro dəyərindədir. Bu ilin sonuna kimi 30-a yaxın küçə asfaltlanacaq, şəhərin Nizami Gəncəvi prospektinin yenidən qurulmasına başlanılacaq. Bunlarla yanaşı 3 otelin inşası davam etdirilir, Gəncə çayının sol sahilində aparılan abadlıq işlər sürətləndirilir.
Görüşdə ərazidə yaşayan sakinlərin fikir və təklifləri də dinlənilib. Onlar göstərilən diqqət və yaradılan şəraitə görə dövlət başçısı və şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Gəncənin Gülüstan yaşayış massivi Aydın Əliyev küçəsində Kəlbəcərdən olan məcburi köçkünlər də yaşayırlar. Onların məskunlaşdıqları bina qəzalı vəziyyətdə olduğundan, sakinlərin yaxın vaxtlarda inşa olunacaq yeni binaya köçürülmələri nəzərdə tutulub.
Açılışın videosu aşağıdakı linkdə verilib:
https://www.youtube.com/watch?v=Vkc2G4Ny45k&feature=youtu.be