Gəncə 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə Gəncədə "İdman paradı" keçirilib.
Gəncə şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan parad Heydər Əliyev prospekti, GDU-nun III tədris binasının önündə başlayıb. Hərbi orkestrın müşayəti ilə 5 mindən artıq parad iştirakçısı şəhərin baş meydanına yürüş edib. Olimpiya, Avropa və Dünya çempionu titulunu daşıyan tanınmış idmançılar, şəhərin idman məktəblərində çalışan məşqçi-müəllimlər, həmin təlim müəssisələrində təhsil alan şagirdlər, Kəpəz Peşəkar Futbol Klubunun əsas və əvəzedici heyəti, orta məktəb "Şahin"ləri, habelə tələbə-gənclər Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri tituluna layiq görülməsini coşğu ilə qarşılayıblar. Parada YAP Gəncə şəhər Təşkilatının fəal gəncləri də qoşulub.
Gəncənin mərkəzi meydanına gələn parad iştirakçıları burada alqışlarla qarşılanıblar. Havaya rəmzi olaraq rəngli şarlar və sülh göyərçinləri uçurulub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci MDB ölkələrinin Mədəniyyət Paytaxtı olan Gəncə, ACES Europe təşkilatı tərəfindən növbəti il üçün Avropanın İdman Şəhəri tituluna layiq görülüb. Bu münasibətlə bütün gəncəliləri təbrik eən şəhər rəhbəri bildirib ki, növbəti il Gənclər və İdman, Təhsil Nazirlikləri, o cümlədən digər müvafiq qurumlarla birgə şəhərdə müxtəlif layihələr reallaşdırılacaq və biz çalışacağıq ki, Avropanın İdman Şəhəri adını layiqincə daşıyaq.
Gəncədə hazırda 3 idman məktəbi var ki, bu təlim ocaqlarının yetirmələri həm ölkə, həm Avropa, həm də dünya miqyaslı yarışlarda dəfələrlə yüksək nailiyyətlər əldə edərək, Azərbaycanın üç rəngli bayrağını dalğalandırıblar. Gəncədə bir peşəkar - "Kəpəz", bir də həvəskar - "Xəmsə" futbol klubları fəaliyyət göstərir.
Parad imançıların nümunəvi çıxışları və "RedBull" şirkətinin təşkil etdiyi futbol oyunu ilə davam edib.
Məlumat üçün qeyd edək ki, ACES Europe, yəni Avropanın İdman Şəhərləri və Paytaxtları Federasiyası Avropa Parlamentinin idman siyasətini həyata keçirən bir təşkilatdır. ACES Europe hər il 9-19 şəhəri "Avropa İdman Şəhəri", bir şəhəri isə "Avropa İdman Paytaxtı" titulu ilə təltif edir. Layihə 4 ildir ki, reallaşdırırlır.
Tədbirin videosu aşağıdakı linkdə verilib:
https://www.youtube.com/watch?v=MztUZJm0TnE&feature=youtu.be