Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə silsilə tədbirlərə start verilib
"Xalq Cümhuriyyətinin varisləriyik" devizi altında keçirilən tədbirlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, Azərbaycan Respublikası Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyənin Gəncədəki Baş konsulu Orhan İşık, Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başlayan tədbir "Azərbaycan Xaql Cümhuriyyəti Muzeyi"ndə davam edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə müasir tələblər səviyyəsində yenidən qurulan muzeyə baxış keçirilib. 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Kabineti məhz bu binada fəaliyyət göstərib. 6 otaqdan ibarət olan müzeyin 4 otağında Cümhuriyyət dövrünü əks etdirən eksponatlar nümayiş olunur. Onların içərisində həmin dövrdə istifadə olunan pul vahidləri, poçt markaları, hərbi geyimlər, orden və mükafatlar diqqət çəkir. AXC qurucuları, onların həyat və siyasi fəaliyyətlərini əks etdirən məlumat və fotoşəkillər də nümayiş olunan eksponatlar sırasındadırlar. Binada Xalq Cümhuriyyətinin qurucularından olan, Nazirlər Kabinetinin rəhbəri, Baş nazir Fətəli xan Xoyskinin iş otağı da var. Burada nazirin yazı masası və şəxsi əşyaları nümayiş olunur.
Digər iki otaqda isə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin AXC-yə verdiyi qiymət və göstərdiyi münasibətin əyanı sübutları yer alır.
"Xalq Cümhuriyyətinin varisləriyik" devizi altında keçirilən tədbirlərdə fəxri qonaq qismində iştirak edən Türkiyə Cümhuriyətinin Müdafiə nazirinin müavini Şuay Alpay, bildirib ki, o azərbaycanlı qaçaq Məhəmməd Qasım bəyin nəvəsidir. Azərbaycan Xalq Cümhuriyyəti hökümətinin üzvlərindən olan Məhəmməd Qasım bəy 1920-1932-ci illərdə dağlara çəkilərək bolşeviklərə qarşı mübarizəyə qoşulur. Sonradan Sovet hakimiyyətinin təqiblərindən qurtulmaq üçün Türkiyəyə mühacirət edən Məhəmməd Qasım bəy, Elazığ şəhərinə yerləşir.
Şuay Alpay Gəncədə, öz baba torpağında olmaqdan qürür hissi keçirdiyini bildirib. O qeyd edib ki, həm Azərbaycan, həm də Türkiyə üçün 25 may tarixinin xüsusi önəmi var. Qafqaz İslam Ordusunun komandanı Nuru paşa 300 nəfər tərəfdaşı ilə 100 il əvvəl məhz həmin tarixdə Gəncəyə daxil olub. Ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə üçün dediyi "bir millət – iki dövlət" fikrini xatırladan Şuay Alpay, qurulan bu dostluq və qardaşlıq əlaqələrinin daha da güclənəcəyinə inam və əminlik ifadə edib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunan silsilə tədbirlər Heydər Əliyev park-kompleksində davam edib. Buradakı Amfiteatrda xüsusi senari əsasında hazırlanmış, teatrlaşdırılmış kütləvi mərasim təşkil edilib. Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan teatrlaşdırılmış mərasimdə AXC-nin 23 aylıq fəaliyyət dövrünə nəzər salınıb, həmin illərdə yaşanan tarixi hadisələr xronoloji ardıcıllıqla tamaşaçılara təqdim olunub.
AXC-nin ordu quruculuğu, 15 sentyabr 1918-ci ildə Bakının işğaldan azad edilməsi və Qafqaz İslam Ordusunun fəaliyyəti ön plana çəkilib. Rəmzi olaraq Nuru paşa, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məhəmməd Qasım bəy kimi şəxsiyyətlər Türkiyə, Azərbaycan və AXC-nin döyüş bayraqlarının müşayəti ilə səhnəyə daxil olublar.
2 saatdan artıq davam edən teatrlaşdırılmış mərasimdə milli rəqslər və müxtəlif ifalar da tamaşaçılara təqdim olunub.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, müasir Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və ulu öndərin də dediyi kimi, Azərbaycanın dövlət müstəqilliyi daimidir, dönməzdir, əbədidir.
Tədbirin videosu aşağıdakı linkdə verilib:
https://www.youtube.com/watch?v=Fg-SnbSPqsU&feature=youtu.be