AU-da “Məzun 2018” yarmarkası keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin tədris korpusunda 10-cu məzun yarmarkası keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Nazirliyinin müvafiq struktur bölmə rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı müəssisə və təşkilatların təmsilçiləri iştirak ediblər.
ADAU-nun mətbuat xidmətinin xəbərinə görə təhsil müəssisəsinin maddi-texniki bazası ilə tanışlıqla başlayan tədbirdə son günlərdə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə universitetə birdəfəlik verilən müasir texnikalara baxış keçirilib, tələbə evləri, baytarlıq klinikası, quşçuluq, maldarlıq, atçılıq tədris mərkəzləri, istixanalar, torpaqşünaslıq və aqrokimya, toxumçuluq laboratoriyaları, bitki klinikası, John Deere, New Holland Agriculture təlim mərkəzləri, kompyuter otaqları, idman meydançaları, tələbə parkı və digər yerlərdə olan vəziyyətlə yaxından tanışlıq olub.
Məzun yarmarkasının açılışında çıxış edən Kənd Təsərrüfatı Naziri İnam Kərimov əsası ümummili lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı İlham Əliyev rəhbərliyi ilə uğurla həyata keçirilən aqrar siyasət kursunun nəticələri, qarşıda duran vəzifələr və bu vəzifərlərin icrasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu barədə danışıb. Nazir qlobal çağırışlara cavab verən mütəxəssis hazırlığının həyata keçirilməsinin məhz aqrar təhsillə bağlı olduğunu bildirərək məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Tədbirdə iştirak edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında aqrar sahənin sürətli inkişafından, bu sahəyə göstərilən dövlət qayğısından danışıb, prezident İlham Əliyevin apardığı aqrar siyasətin ilbəil daha böyük uğurlarla yadda qalmasından söz açıb. Məzunlara uğur arzulayan İcra Başçısı onu da xüsusi vurğulayıb ki, aqrar sahənin inkişafı həm də ADAU-da hazırlanan kadrların yüksək təhsili ilə bağlıdır.
Azərbaycan Dövlət Aqrar Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin maddi-texniki bazasının müasirləşdirilməsi, rəqabətədavamlı kadr hazırlığının təmin edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, dövlət sifarişli ixtisaslar, aparıcı şirkətlərlə əlaqələr, məzunların işlə təmin olunma səviyyəsi barədə məlumat verib. Rektor qeyd edib ki, təqdirəlayiq haldır son illərdə universitetdən məzun olanların tərkibində kənd təsərrüfatı və dövlət sifarişli ixtisasları üzrə təhsil alanların sayı xeyli dərəcədə artıb. Bildirilib ki, əmək bazarının tələblərini nəzərə alaraq, 2018/2019-cu tədris ilində bakalavriat səviyyəsində əlavə olaraq üç kənd təsərrüfatı ixtisası-“bitki mühafizəsi”, “şərabçılıq”, “bağçılıq və tərəvəzçilik” ixtisasları üzrə tələbə qəbulu aparılacaqdır.
Sonra universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, təhsil standartlarının əmək bazarının tələblərinə uyğun olaraq yeniləndirilməsi, maddi-texniki bazadan səmərəli istifadə etməklə tələbələrin prakik bilik və bacarıqlarının inkişaf etdirilməsi, aqrar sahədə sahibkarların diqqətini cəlb edən elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, “Aqrar məsləhət xidməti”nin fəaliyyəti, aparıcı müəssisə və təşkilatlarla əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatında yerinə yetirilən texnoloji proseslərin bütün mərhələlərində universitetin professor-müəllim və tələbə heyətinin fermerlərin yanında olmasının vacibliyi və bu istiqamətdə görülən işlər barədə məlumat verilib.
Tədbirin sonunda aparıcı müəssisə və təşkilatlar tərəfindən iş yerləri barədə məzunlara məlumat verilib.
Ümumilikdə məzun yarmarkasında 41 rayondan 164 müəssisə iştirak edib və 918 iş yeri təklif edilib. Ou da deyək ki, bu il universitetdən bakalavr əyani 978, qiyabi 242, magistr üzrə 178, cəmi isə 1398 nəfər məzun olacaq.