Gəncədə "Təbriz Mədəniyyət Günləri" keçiriləcək
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev İran İslam Respublikasının Mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-İran arasında mövcud olan mədəni əlaqələrdən söz açılıb.
İranın Mədəniyyət və islami irşad naziri Seyid Abbas Salehi dahi şair Nizami Gəncəvinin vətənində olmaqdan şərəf duyduğunu dilə gətirib. O bildirib ki, Azərbaycanda olduqları bu bir-neçə gün ərzində bir sıra səmərəli görüşlər keçiriblər. Bu görüşlərin İranla Azərbaycan arasında mövcud olan mədəni əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyini vurğulayan Seyid Abbas Salehi, Azərbaycanda keçirilən "İran Mədəniyyət Günləri"nin önəmindən danışıb. O bildirib ki, iki gün ərzində Bakıda bir sıra mədəni tədbirlər: tamaşa, konset və sərgilər təşkil olunub. İki ölkə arasında mədəni əlaqələrin inkişafı naminə mühüm sənədlər imzalanıb. O, bu əlaqələrin regionlar arasında da qurulacağına ümid etdiyi bildirib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Azərbaycanla İran arasında mövcud olan mədəni əlaqələrin əsasında, kökündə dahi şair Nizami Gəncəvi və onun əsərləri dayanır. O bildirib ki, Nizami Gəncəvi Gəncədə doğulub, yaşayıb-yaratmasına baxmayaraq, onun yaradıcılığı sadəcə Azərbaycan yox, bütün dünya üçün əhəmiyyətlidir. Şəhər rəhbəri Gəncə və Təbriz arasında mövcud olan əlaqələrə xüsusi ilə diqqət çəkərək bildirib ki, növbəti il Gəncədə "Təbriz Mədəniyyət Günləri"nin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı sentyabr ayında Ərdəbildə istehsal olunan məhsulların satış-sərgisinin keçirilməsi də gündəmdə olan məsələlərdən biridir.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri dəqdim olunub, şəkil çəkdirilib.
Qeyd edək ki, 27 iyun – 1 iyul tarixləri arasında Azərbaycanda "İran Mədəniyyət Günlləri" keçirilib. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında İrandan gələn incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı baş tutub.