Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

5 cildlik monoqrafiya Heydər Əliyev irsi ilə maraqlanan, ondan öyrənmək istəyən hər kəs üçün böyük töhfədir

11 may 2013 | 15:00

Genişmiqyaslı quruculuq işləri ilə başdan-başa yeniləşən, tarixini saxlamaqla müasirləşən Gəncə bugünkü inkişafı üçün ulu öndər Heydər Əliyevə minnətdardır. Azərbaycan dövlətçilik tarixinin məhz Heydər Əliyev dövründə Gəncənin iqtisadi potensialı yaradılmış, sonrakı inkişafına, tərəqqisinə möhkəm zəmin, bünövrə qoyulmuşdur. Gəncə və gəncəlilər ulu öndərə böyük ehtiram və məhəbbətlərini nümayiş etdirməkdən qürur duyurlar. Odur ki, ümummilli liderin yubileyinə geniş hazırlıq işləri görülmüşdü. Gəncə əbədi minnətdarlıq duyduğu görkəmli siyasətçi, ictimai-siyasi xadim, hələ sağlığında əfsanəvi və xarizmatik şəxsiyyətə çevrilmiş ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə tam hazır idi.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi çərçivəsində Gəncədə keçirilən tədbir 20 ölkədən gəlmiş 80 nəfərə yaxın sabiq prezident və baş nazirin, eləcə də görkəmli alim və tədqiqatçıların iştirakı ilə coğrafiyasını daha da genişləndirərək qüdrətli siyasi xadimə, ulu öndərə böyük məhəbbətin təntənəsinə çevrildi.

Ulu öndərin adını daşıyan və tamamilə yenidən qurularaq gözəl bir görkəm alan Baş meydanda, açıq havada keçirilən təntənəli mərasimdə yüksək poliqrafik səviyyədə tərtib edilmiş ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibətilə nəşr olunmuş 5 cildlik monoqrafiyanın təqdimatı keçirildi.
Mərasimi giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev bildirdi ki, Azərbaycanın dövlət müstəqilliyi, əbədiliyi, sarsılmazlığı və dönməzliyi ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biridir. Onilliklər keçsə də Heydər Əliyevin irsi yaşayacaqdır və bütün dünyada yayılacaqdır. Bu gün təqdimatı keçirilən «Ulu öndər» adlı 5 cildlik monoqrafiya gəncəlilərin ümummilli liderə əbədi minnətdarlıqlarının bir ifadəsidir. «Heydər Əliyev və Gəncə» adlanan iki hissədən ibarət olan birinci cilddə ulu öndərin rəhbərliyi altında 1969-cu ildən etibarən Gəncənin qədim tarixinin özünə qaytarılması, şəhərin tarixi abidələrinin bərpası, yeni qəsəbələrin salınması, iqtisadi və aqrar sahənin yüksəlişi, sənaye kompleksinin yaradılması, elm, təhsil və səhiyyənin inkişafı naminə fəaliyyəti elmi şəkildə araşdırılmışdır.
Monoqrafiyada 1980-ci ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Gəncədə iki rayonun yaradılması, Gəncə adının yasaq olduğu bir dövrdə yeni salınan yaşayış massivinin Yeni Gəncə adlandırılması ulu öndərin Gəncənin zəngin tarixinə olan qayğısı kimi dəyərləndirilmişdir. Ümummilli liderin Gəncə şəhərinə etdiyi 11 səfər və bu səfərlərin hər birində şəhərin sosial-iqtisadi və mədəni həyatında baş verən yüksəlişlər Gəncə Regional Elmi Mərkəz və Azərbaycan Texnologiya Universitetinin yaradılması birinci cilddə öz əksini tapmışdır.
«İlham Əliyev və Gəncə» adlanan birinci cildin ikinci hissəsində isə ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhərinin inkişafı ilə bağlı siyasi kursu uğurla davam etdirməsi, Gəncəyə etdiyi 13 səfər və bu səfərlərin nəticəsi olan Gəncənin yüksəlişi elmi təsdiqini tapmışdır.
Kitabda Prezident cənab İlham Əliyevin sərəncamı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin beynəlxalq səviyyədə, dünyanın 40 ölkəsindən 150 nəfər dövlət və ictimai xadimin, şərqşünas alimlərin iştirakı ilə təntənəli şəkildə qeyd olunması, Gəncə şəhərində tarixi abidələrin bərpası və qorunması istiqamətində aparılan işlər elmi nöqteyi-nəzərindən şərh edilmişdir.
«Heydər Əliyev və Azərbaycan mədəniyyəti» adlanan iki hissədən ibarət olan iki cilddə ulu öndərin Gəncə şəhərində başladığı azərbaycançılıq ideologiyası əsasında elm, təhsil sahəsində həyata keçirdiyi islahatlar, milli-mənəvi dəyərlər və ümumilikdə zəngin irsə malik olan mədəniyyətimizin qorunması, dirçəlişi, həmçinin inkişafı istiqamətində olan fəaliyyəti tədqiq edilmişdir. Hələ ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik və cəsarətli şəxsiyyət Heydər Əliyev milli ideologiyanın xalqın irəliyə doğru inkişafının bələdçisinə çevrilməsinə nail olmuşdur.
«Heydər Əliyev və ədəbiyyat» adlanan ikinci hissədə ulu öndər tərəfindən həyata keçirilən Azərbaycan ədəbiyyatı, incəsənəti, qədim milli bayramları və ana dilinin dirçəlişi, qorunması, inkişafı tədqiq olunmuşdur. Kitabda hələ ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərimiz tərəfindən milli-mənəvi dəyərlərin intibahı üçün möhkəm zəmin hazırlanması geniş şəkildə araşdırılmışdır.
İki cilddə olan «Heydər Əliyev və sülh siyasəti»ndə ulu öndər Heydər Əliyevin 1993-cü ildən etibarən vətəndaş müharibəsinin qarşısını almaq məqsədilə Gəncə şəhərindən başladığı və ömrünün sonuna qədər regionda sülhün, sabitliyin və əmin-amanlığın təminatı istiqamətində olan fəaliyyəti tədqiq olunmuşdur. BMT-nin yüksək kürsüsündən bəyan etdiyi: «Azərbaycanda, bütün Qafqaz regionunda və bütün dünyada sülhün bərqərar olması bizim ən ümdə arzumuzdur» sözləri ulu öndərin «Vətəndə sülh, bölgədə sülh, dünyada sülh» konseptual modeli monoqrafiyada hərtərəfli tədqiq olunmuşdur.
Heydər Əliyev Fondunun yaranmasının 9 illiyi münasibətilə nəşr olunmuş «Heydər Əliyev Fondu milli yaddaşın keşiyində» adlanan IV və V cildlərdə Fondun 9 illik fəaliyyəti işıqlandırılmaqla yanaşı, Mehriban xanım Əliyevanın Gəncə şəhərində elm, təhsil, mədəniyyət, ekologiya, idman, sosial fondun və genefondun qorunması ilə bağlı həyata keçirdiyi layihələr tədqiq olunur. UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımızın milli folkloruna, tarixinə, dilinə, incəsənətinə göstərdiyi yüksək diqqət, Cavad xan və Comərd Qəssab türbələrinin, Şah Abbas Jümə məscidinin, Gəncə darvazalarının bərpası dediklərimizə bariz nümunədir. Monoqrafiyada Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nizami Gəncəvinin 870 illik yubileyi çərçivəsində «Xəmsə», şairin həyat və yaradıcılığına həsr olunmuş monoqrafiyaların nəfis şəkildə nəşr olunması, Romada və Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin, Parisdə Eyfel qülləsi yaxınlığında «Azərbaycan mədəniyyət evi»nin təntənəli açılışı oxuculara rəvan bir dillə təqdim olunur.
Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxışının sonunda bildirdi ki, bu gün Heydər Əliyev cismən bizimlə olmasa da, onun qoyduğu amallar nəinki yaşayır, yüksək səviyyədə həyata keçirilir.
İcra Başçısı dedi ki, bu gün Gəncəyə diqqət və qayğı çox böyükdür. Şəhərimizdə metallurgiya kompleksinin yaradılması haqqında möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı, 360 hektar ərazidə dünyanın müasir memarlıq üslubuna cavab verən Heydər Əliyev şəhərciyinin salınması, Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin qeyd olunması və şairənin adını daşıyacaq mədəniyyət mərkəzinin inşası, ümumilikdə 600-dən artıq müxtəlif obyektlərdə aparılan abadlıq-quruculuq işləri deyilənlərə sübutdur.
Elmar Vəliyev kitabın ərsəyə gəlməsində akademiklərdən Nailə Vəlixanlı, Yaqub Mahmudov, Fuad Əliyev, professorlardan İradə Hüseynova, Fəxrəddin Məmmədov, Xəlil Yusifli, Həsənbala Sadıqov, dosentlərdən Pərvin Kərimzadə və Samir Pişnamazzadənin böyük zəhmətləri olduğunu qeyd etdi.
Sonra şəhər ictimaiyyətinin nümayəndələri çıxış edərək ulu öndərin 90 illiyinə həsr olunmuş 5 cildlik kitabın Heydər Əliyev irsi ilə maraqlanan, ondan öyrənmək istəyən hər kəs üçün maraqlı və faydalı töhfə olduğunu bildirdilər.

Keçidlər