İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman Gəncədə olub
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersmanı qəbul edib. Səmimi söhbət şəraitində keçən görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz töhvələr verib. 2016-ci ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin 3-də bir hissəsini gənclər təşkil edir. Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Gəncə Avtomobil Zavodu, “Det-AL” Alüminium MMC kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman Sarayının tikintisi aparılır ki, hər ikisinin də təməli ölkə başçısı Prezident İlham Əliyev tərəfindən qoyulub”.
İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman səmimi qəbula görə təşəkkürünü bidirib. O qeyd edib ki, səfərinin məqsədi Azərbaycanın bölgələrini daha yaxından tanımaqdır. Gəncədən əvvəl Naxçıvan MR və Şəkidə olduğunu deyən səfir, Gəncənin zəngin mədəni irsini xüsusi qiymətləndirib: “Mənim fikrimcə Gəncənin tarixi və milli dəyərləri ölkəniz üçün çox əhəmiyyətlidir”. O Gəncəyə ilk dəfədir ki, səfər etdiyini və iki gün ərzində burada bir çox yerlərlə tanış olduğunu qeyd edib.
Səfir xanım İnqrid Tersman Nizami Gəncəvi Məqbərəsi, Heydər Əliyev Park-Kompleksi və Məhsəti Gəncəvi Mərkəzində, şəhərin Cavad xan küçəsində olub, Cavad xanın məqbərəsi və Şah Abbas Cümə məscidini ziyarət edib. Gəncə Dövlət Filarmoniyası ilə tanışlıq isə qonaqda xüsusi ilə xoş təəssürat yaradıb. Qonaq Miniatür Kitab Müzeyinin Gəncə filialı və Gəncə şəhər MKS-nin Uşaq Kitabxanası ilə də tanış olub.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. İnqrid Tersman bildirib ki, xüsusi ilə mədəniyyət sahəsində müəyyən addımlar atıla bilər:“Buna misal olaraq deyə bilərəm ki, biz Uşaq Kitabxanasında olarkən onlarla bir razılığa gəldik. Tərəfimizdən kitabxanaya İsveçin məşhur uşaq yazarı Astrid Lindqrenin 9 kitabı hədiyyə ediləcək. Bununla yanaşı musiqi sahəsində də əməkdaşlıq mümkündür”.
İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersman görüşdən sonra Gəncə Şərab Zavodu və Gəncə Avtomobil Zavodunda olub.