Təhsil naziri Ceyhun Bayramov Gəncədə olub
Bu ildən etibarən Gəncənin 6 orta təhsil müəssisəsində informatika fənni fərqli formada tədris ediləcək. “Rəqəmsal bacarıqlar” layihəsinin icra olunacağı tədris ocaqlarından biri də 4 nömrəli tam orta məktəbdir. Təhsil naziri Ceyhun Bayramov M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbdə yeni pilot layihənin icrası üçün yaradılan şəraitlə tanış olub. Məktəbin müəllim və şagirdləri ilə görüşən təhsil naziri layihə ətrafında onlarla fikir mübadiləsi aparıb.
“Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov nazirə yeni tədris ilinə hazırlıq çərçivəsində Gəncə üzrə 6 məktəbdə görülən işlər barədə məlumat verib: “Cari tədris ilində Gəncə şəhərində 76 sinif üzrə 2200 şagirdə 24 İnformatika fənni müəllimi yeni məzmun üzrə dərs keçəcək. Sözügedən müəllimlər Təhsil İşçilərinin Peşəkar İnkişafıİnstitutu nəzdində təşkil olunmuş ixtisasartırma təlimlərinə cəlb olunublar. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün məktəblərdə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. 21 yeni kompüter otağı istifadəyə verilib, həmin otaqlar 300 ədəd noutbuk, proyektor, elektron lövhələr və yüksəksürətli internet bağlantısı ilə təmin olunublar”.
Təhsil naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib ki, pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsil alanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. “Ümumi təhsil müəssisələrinin beşinci sinifləri üçün nəzərdə tutulan layihə ötən il Bakının 45 məktəbini əhatə edirdi. Il sonunda şagirdlərin əldə etdikləri nəticələrə nəzər saldıqda müsbət dəyişikliklərin olduğunu gördük. Bu səbəbdən layihə genişləndirildi. Artıq Bakının 65 məktəbnin 5-ci və 6-ci sinifləri bu layihəyə qoşulub. Gəncədə isə informatika fənni ilk olaraq 6 məktəbdə fərqli formada tədris olunacaq. Nəzəri və praktiki biliklərin, həmçinin alqoritmik düşüncənin formalaşması baxımından olduqca önəmli bir layihədir”.
Ceyhun Bayramov onu da bildirib ki, layihəyə qoşulan bütün məktəblər yüksək sürətli internet xətti və lazımi avadanlıqlarla təmin ediliblər. İnformatika fənnini tədris edəcək müəllimlərin hazırlıq səviyyəsinə isə xüsusi ilə diqqət yetirilib.
İnformatika fənninin fərqli formada tədrisi dedikdə nə başa düşülür?
Pilot siniflərdə keçilən dərslər praktik məşğələlərdən ibarətdir. Şagirdlərin bu dərsdə daha çox öyrənməsi üçün ənənəvi informatika dərslərinin saatından tutmuş proqramına qədər hər şey dəyişdirilib. Dərs saatı artırılıb, şagird sayının azalması və ayrılan vaxt ərzində müəllimin hamıya daha çox vaxt ayırmasını təmin etmək məqsədi ilə hər sinif iki qrupa bölünüb.
Müəllimlərin dərsinə mütəmadi nəzarət etmək, dərsin keyfiyyəti daim ölçmək məqsədi ilə xüsusi sistem qurulub. Bu, layihənin koordinatorlarına gün ərzində kurasiyasında olan müəllimləri izləmək imkanı verir. Mövcud sistemə koordinatorlar və müəllimlərlə yanaşı, Təhsil Nazirliyindən də daxil olub dərsin nəticələrinə baxmaq mümkündür.
Məlumat üçün bildirək ki, informatika fənninin tədrisi üzrə pilot layihə İT sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir.