Niyazi Bayramov Gülüstan yaşayış sahəsində sakinləri ilə görüşüb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb. Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi keçirilən görüşlərdən biri də Gəncənin Gülüstan yaşayış sahəsində baş tutub.
“Açıq mikrofon” şəraitində keçən görüşdə 60-dan artıq sakinin şikayət və təklifi dinlənilib. Çoxbərtəbəli binaların dam ortüklərinin yenilənməsi və fasadlarının təmiri, uşaqların asudə vaxtının səmərəli təşkili üçün binaların həyətlərində oyun meydançalarının yaradılması, ara küçələrin asfaltlanması kimi məsələlər müraciətlərin əsasını təşkil ediblər. Bununla yanaşı işlə təminat, torpaq sahələrinin verilməsi üçün sakinlərin növbəyə götürülməsi kimi məsələlər də dilə gətirilib.
Sakinlərə məlumat verilib ki, çoxmərtəbəli binaların tam örtüklərinin dəyişdirilməsi diqqətdə saxlanılan məsələlərdəndir. Gəncənin əsas və ara küçələrinin asfaltlanması da gündəmdədir və bu iş mərhələli şəkildə həyata keçiriləcək. Görüşdə səsləndirilən bir çox problemlər yerindəcə öz həllini tapıb. Bir sıra müraciətlərin isə araşdırılması üçün müvafiq tapşırıqlar verilib.