Səyyar qəbul sakinlərin razılığına səbəb oldu
Gəncənin yeni iş üslubundan olan səyyar qəbulların keçirilməsi artıq ənənə halını alıb. İcra Başçısı Elmar Vəliyevin şəhərin müxtəlif yaşayış massivlərində keçirdiyi görüşlər böyük razılıqla qarşılanır. Axı sakinlər deyil İcra Başçısı onların yanına gəlib, arzu və təklifləri, problemləri ilə maraqlanır. Bu zaman qurulan canlı ünsiyyət bütün maneələri ötüb keçir. Səmimi bir şəkildə davam edən bu görüşlərdə sakinlərin qaldırdığı problemlər yerindəcə həllini tapır. Özü də bu görüşlər mütəmadi xarakter alıb. Sakinlər, demək olar ki, İcra Başçısı ilə doğmalaşıblar. İcra Başçısı Elmar Vəliyev hətta onların çoxunu yaxşı tanıyır. Sakinlərlə səmimi söhbət edir, lazımi köməklik göstərir, arzu və təkliflərini həssaslıqla dinləyir. İnsanlara kömək etməkdən, onları dinləməkdən əsla yorulmur. Hiss edəndə ki, kimsə utanır, yaxud da ürək eləmir, özü onlara yaxınlaşır, hal-əhval tutur, problemi ilə maraqlanır. Az bir zamanda qurulan ünsiyyət körpüsü bütün sədləri keçərək qaldırılan problemlərin həllinə şərait yaradır. Hərdən ərklə deyilən sözün də İcra Başçısı tərəfindən səmimiyyətlə qəbul edildiyini görəndə insanlar daha da mehribanlaşır və səyyar qəbulu razılıqla tərk edirlər.
Nizami Gəncəvi prospektindəki nümunəvi məhəllənin sakinləri ilə keçirilən səyyar qəbul burada yaşayanların böyük marağına səbəb oldu. Cəmi iki il bundan əvvəl çox bərbad və yöndəmsiz bir məhəllənin yerində indi yaraşıqlı binaları, müasir uşaq meydançası, geniş həyəti, gülü-çiçəyi olan bir yaşayış massivi qurulmuşdur. Sakinlərin dediyi kimi, adam gözlərinə inanmaq istəmir. Demək çalışanda, can yandıranda sivil şəhərlərə məxsus yaşayış tərzinə sahib olmaq mümkünmüş. Sakinlər adından çıxış edən müəllim İradə Abdullayeva, Kübra Rüstəmova, sinəsi orden-medallı 1941-1945-ci illər müharibəsinin iştirakçısı Rüstəm Verdiyev yaradılan bu şərait, abadlıq və quruculuq işləri üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Fidan Əliyeva 5-ci sinif şagirdidir. Onun da deməyə sözü vardı. Üzünü İcra Başçısına tutaraq onların rahat oynayıb-əylənməsi üçün belə gözəl şərait yaradıldığına görə həmyaşıdlarının təşəkkürünü Elmar Vəliyevə çatdırdı.
8 saylı mənzil istismar idarəsinin sahə rəisi Məlahət Məmmədova dedi ki, ərazidə olan 8 binada təmir və bərpa işləri tamamilə başa çatıb. Daha 7 binada da quruculuq işlərinə başlanmışdır. Tezliklə həmin binada yaşayan sakinlər də tam təmir olunmuş binaların, həyətlərin sevincini yaşayacaqlar.
Səyyar qəbulun iştirakçıları öz problemlərindən də danışdılar. Flora Həsənova oğlunun işlə təmin olunmasını, Cəmilə Əhmədova həyətdə oturacaqların qoyulmasını, Kübra Rüstəmova yaşıllıqların suvarılması üçün həyətdə su kranının olmadığını bildirdilər.
İcra Başçısı Elmar Vəliyev hər kəsi diqqət, qayğı və hörmətlə dinlədi. Qaldırılan məsələlərin həllinə yönəldilmiş tapşırıqlar verdi.
Problem və şikayətlərin, arzu və təkliflərin dinlənilməsi başa çatsa da, kimsə səyyar qəbulu tərk etməyə tələsmirdi. Yaranmış çox isti münasibət, canlı dialoq, qayğı və hörmət sanki hər kəsi sehrinə salmışdı. Elman Həsənov qonşularının istək və arzularını ifadə edərək Elmar Vəliyevə bir daha təşəkkürünü bildirib, sözünə etirafla başladı. Dedi ki, vaxtilə binalarımızın vəziyyəti doğrudan da xoşagəlməz idi. Kim necə istəmişdi, o cür də artırma işləri aparılmışdı. Burada işlərə başlayarkən deyilən sözlərin çoxuna inamımız yox idi. Fikirləşirdik ki, özəlləşdirdiyimiz bu evlərə kim bu qədər xərc qoyar? Amma ölkə Prezidentinin tövsiyə və tapşırıqlarını çevik, məqsədyönlü şəkildə həyata keçirən İcra Başçısı Elmar Vəliyevin Gəncəyə gətirdiyi yeni ab-hava nəinki binalarımızı abadlaşdırdı, üzümüzü güldürüb, sevincimizi artırdı. Bizə bəxş olunan bu gözəlliyə, rahatlığa görə dövlətimizin başçısı İlham Əliyevə və iki ildə Gəncəni tanınmaz dərəcədə dəyişdirən, onun yeni görkəm almasına nail olan İcra Başçımıza təşəkkürümüzü bildiririk.
Sonda Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev şəhərdə görülən işlərdən danışaraq qeyd etdi ki, məqsədimiz bu qədim, ulu şəhəri ən müasir Avropa dövlətləri səviyyəsinə çatdırmaqdır. Cənab Prezident İlham Əliyevin qayğı və dəstəyi ilə yəqin ki, bu arzumuz da reallaşacaqdır.
İnam və güman yerinə çevrilən daha bir səyyar qəbul sakinlərin üzünü güldürüb, istəklərinə çarə oldu.