Almaniyanın NİTRO jurnalının əməkdaşları Gəncədə olublar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın NİTRO jurnalının əməkdaşlarını qəbul edib. Görüşdə NİTRO jurnalının fotograf-müxbirləri Bernd Lammel və Bettina Şellona Lammel, Xarici İşlər Nazirliyinin əməkdaşı Gülnarə Əsgərova, Almaniya Diaspora Təşkilatının əməkdaşı Rəqsanə Civişova iştirak ediblər.
NİTRO jurnalının fotograf-müxbiri Bernd Lammel bildirib ki, Gəncəyə səfərlərinin məqsədi Azərbaycanın ikinci böyük şəhərini daha yaxından tanımaq, onun tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə oxuculara məlumat verməkdir. Gəncədə ilk dəfə 2011-ci ildə olduğu deyən Bernd Lammel, şəhərdə xeyli dəyişikliklərin gözə dəydiyini bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, qədim İpək yolu üzərində yerləşən Gəncə, zəngin mədəniyyətə malik şəhərdir. Nizami Gəncəvinin yurdudur. Qədim tarixə malik şəhər, 200 il əvvəl bu ərazilərdə yaşamış almanların da izlərini qoruyub saxlayır. Bu izlərə xüsusi ilə şəhərin Mirzə Abbas Abbaszadə və Cavad xan küçələrində rast gəlmək olur.
Həmçinin bildirilib ki, 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib.
Burada “Det-Al” Aluminium, Gəncə Avtomobil Zavodu, “Gəncə Şərab-2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir.
Bernd Lammel və Bettina Şellona Lammelə hazırda şəhərdə icra olunan tikinti layihələri barədə də məlumat verilib. Onlar Gəncə Dövlət Dram Teartı üçün yeni inşa olunan teatr binasının və İdman sarayının layihələri ilə tanış olublar.
Qonaqlar Gəncə ilə tanışlıqdan sonra Göygölə səfər edəcəklər.