ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay şəhərimizə səfər etmişdir
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri, səfir Koray Tarqay şəhərimizə səfər etmişdir.
Səfər çərçivəsində ATƏT rəsmisi şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə görüşmüşdür. Görüşdə çıxış edən ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay rəhbərlik etdiyi ofisin gördüyü işlərdən, eləcə də qurumun Gəncədə yerləşən hüquq resurs mərkəzinin fəaliyyətindən danışmışdır. Bildirmişdir ki, indi dünyada vətəndaş cəmiyyətinin formalaşması istiqamətində mühüm işlər görülür. Bu sahədə Azərbaycanda da müsbət addımlar atılmışdır ki, bu da demokratik cəmiyyət quruculuğunda mühüm amillərdəndir.
ATƏT rəsmisi bu il keçiriləcək prezident seçkilərinə hazırlıqla bağlı təmsil etdiyi qurumun planlarından da danışmışdır. Qeyd etmişdir ki, regionlara səfərləri çərçivəsində bu məsələyə daha çox diqqət yetirilir və vətəndaşlar arasında maarifləndirmə işlərinin genişləndirilməsi üçün müxtəlif tədbirlərin həyata keçirilməsi qərara alınmışdır.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını narahat edən məsələlərə toxunarkən Koray Tarqay insan alverinə qarşı aparılan mübarizədən və sair məsələlərdən də danışmışdır.
Sonra İcra Başçısı E.Vəliyev şəhərdə vətəndaş cəmiyyətinin formalaşmasından, Qeyri-Hökumət Təşkilatlarına yaradılan şəraitdən danışmış, eləcə də vətəndaşların incidilməsi hallarının aradan qaldırılması üçün görülən işləri ATƏT təmsilçisinin diqqətinə çatdırmışdır. Elmar Vəliyev təəssüflə qeyd etmişdir ki, bir sıra hallarda bəzi vətəndaşlar kiminsə təhriki ilə beynəlxalq təşkilatlara şikayətlər ünvanlayırlar ki, bu da ölkə haqqında mənfi fikir yaradır.
İki günlük səfər çərçivəsində ATƏT-in Bakı ofisinin rəhbəri Karay Tarqay Gəncə şəhər Baş Polis idarəsində, Hüquq resurs mərkəzində olacaq, yerli polis idarələrinin müvəqqəti saxlama təcridxanalarına baxış keçirəcək, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri ilə görüşdükdən sonra Türkiyənin Gəncədəki Baş Konsulluğunda olacaqdır.