Fransalı qonaqlar Gəncədə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyində iştirak etmişlər
Dünyanın nüfuzlu qurumu olan UNESCO-nun mənzil iqamətgahında görkəmli Azərbaycan şairəsi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinə həsr olunmuş təntənəli mərasimdən sonra zəngin və diqqətəlayiq irs qoyub getmiş böyük şairənin yubileyi onun doğma vətəni olan Gəncədə davam etmişdir.
Yubiley şənliklərinin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin Baş meydanındakı abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar. Sonra Gəncə Şəhər İcra Hakimiyyətində fransalı qonaqlarla dəyirmi masa arxasında görüş keçirilmişdir. Görüşü giriş sözü ilə açan şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qonaqları salamlamış və Fransa ilə Azərbaycanın əməkdaşlığının böyük önəm daşıdığını bildirmişdir.
İcra Başçısı Elmar Vəliyev qonaqlara Gəncənin ictimai-iqtisadi inkişafı, eləcə də şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışmışdır. Gəncənin qədim mədəniyyət beşiyi olduğunu bildirən Elmar Vəliyev şəhərin tarixi, vaxtilə Gəncədə yaşayıb yaratmış görkəmli şəxsiyyətlər – Nizami Gəncəvi və Məhsəti Gəncəvi haqqında ətraflı məlumat vermişdir. İcra Başçısı Fransada Məhsəti Gəncəvi gecəsinin keçirildiyini yada salmış və həmin gecənin onda xoş təəssürat oyatdığını qeyd etmişdir. Elmar Vəliyev onu da bildirmişdir ki, bu yaxınlarda Fransada keçirdiyi görüşlərdə Azərbaycanla Fransanın regionları arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılmışdır. İcra Başçısı keçən il Gəncədə keçirilən beynəlxalq Şərab festivalında fransalı şərabçıların iştirakını yüksək dəyərləndirərək onlara minnətdarlığını bildirmişdir.
Fransanın Strasburq şəhərinin yerləşdiyi Alzas regionunun Yuxarı Rin (Naut-Rhin) vilayətinin deputatı, Milli Assambleyada Azərbaycan-Fransa dostluq qrupunun vitse-prezidenti cənab Jean-Luc Reitzer Fransanın Azərbaycan ilə əməkdaşlığına xüsusi önəm verdiyini diqqətə çatdırmış, gözəlliyi ilə onları heyrətə gətirən bu qədim şəhərlə əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir.
Görüşdən sonra qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmişlər. Milli geyimli məktəblilər qonaqları şərbət və gül-çiçək dəstələri ilə qarşılamış, onları bir neçə dildə dahi söz ustadları Nizami Gəncəvi və Məhsəti Gəncəvinin misraları ilə salamlamışlar. Qonaqlar böyük mütəfəkkirin məzarı önünə gül dəstələri qoymuşlar. Sonra məqbərə ətrafında böyük bayram tədbiri keçirilmişdir. Fransalı qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri burada şəhərin ali və orta məktəblərinin, idarə, müəssisə və təşkilatların, eləcə də yaradıcı kollektivlərin hazırladıqları guşələrə baxmış, məktəbəqədər uşaq tərbiyə müəssisələri kollektivlərinin çıxışlarına tamaşa etmişlər. Musiqi kollecinin Məhsəti Gəncəvi adına qızlardan ibarət qədim musiqi alətləri ansamblının, eləcə də xor kollektivinin çıxışları da tədbir iştirakçılarında xoş ovqat yaratmış və qonaqlar Azərbaycan musiqisinin təranələri altında rəqs etmişlər.
Axşam qonaqların şərəfinə ziyafət verilmişdir.