Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Beynəlxalq Üzüm və Şərab Təşkilatının üzvü oldu

08 iyun 2013 | 15:00

Beynəlxalq Üzüm və Şərab Təşkilatının (OIV) Rumıniyanın Buxarest şəhərində keçirilən Baş Assambleyasının növbəti iclası zamanı Azərbaycan Respublikası bu beynəlxalq təşkilatın üzvlüyünə qəbul edilib. Bu beynəlxalq tədbirdə iştirak etmək məqsədilə Buxarestdə səfərdə olan Azərbaycan  nümayəndə heyəti Rumıniyanın paytaxtında yerləşən Ümummilli Liderimiz Heydər Əliyevin adını daşıyan parkı ziyarət etdi. Burada ölkəmizin Kənd Təsərrüfatı naziri İsmət  Abbasov və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ulu Öndərimizin abidəsi önünə gül-çiçək dəstələri qoydular.  Səfər çərçivəsində  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Avropanın 2015-ci il üçün Gənclər paytaxtı seçilmiş  Kuluj şəhərinin meri Emil Bokla ilə görüşdü.

Sonra nümayəndə heyətimiz Beynəlxalq Üzüm və Şərab təşkilatının  11-ci Baş Assambleyasında iştirak etdi. Təşkilatın prezidenti  Klaydır Pulinin açılış nitqindən, eyni zamanda baş direktor Federiko  Kasteluççinin hesabat xarakterli çıxışından sonra ayrı-ayrı komissiyaların rəhbərləri nitq söylədilər. Qurumun büdcə məsələsinə baxıldı. Cənab Federiko Kasteluççi hesabatında Azərbaycana səfərinə xüsusi yer verdi. Ölkəmizdəki görüşlərinin yüksək səviyyədə keçdiyini bildirdi.
Federiko Kasteluççi  (Beynəlxalq Üzüm və Şərab Təşkilatının baş direktoru)  – “Xüsusilə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bizi qəbul etməsi  bizim üçün böyük şərəfdir. O, eyni zamanda YUNESKO- nun xoşməramlı səfiridir. Bu o deməkdir ki, Mehriban xanım həm də mədəniyyət sahəsinin insanıdır. Həmçinin O, Parisdə öz gözəlliyi ilə seçilən Azərbaycanın mədəniyyət mərkəzinin açılışında da iştirak etmişdir. Xüsusilə bu mərkəzdəki  maddi-mədəniyyət nümunələri , büstlər çox yüksək səviyyədədir.“


Baş Assambleya Azərbaycanın təşkilata üzv qəbul olunmasına səs verdikdən  sonra ölkəmiz, Azərbaycanın kənd təsərrüfatı sahəsində qazandığı nəaliyyətlər, eyni zamanda erməni işğalının kənd təsərrüfatı sektoruna vurduğu  böyük zərbə barədə video rolik nümayış etdirildi. Kənd Təsərrüfatı naziri İsmət Abbasov çıxışında bu nüfuzlü beynəlxalq təşkilata üzv olmağımızı tarixi hadisə adlandırdı. O, Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin zamanında əsasını qoyduğu Kənd Təsərrüfatı infrastrukturunun prezident İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə və müasir dövrün tələblərinə uyğun  inkişaf etdirildiyini söylədi. Sonra İsmət Abbasova təşkilatın bayrağı təqdim edildi.
İsmət Abbasov ( Azərbaycanın Kənd Təsərrüfatı naziri) – “Bu onu deməyə əsas verir ki, bizim Azərbaycanın həm kənd təsərrüfatı, həm də şərabçılıq sahəsi artıq dünya ictimaiyyəti tərəfindən qəbul olunur.  Gələcəkdə biz, üzüm və şərabçılıq sahəsində istehsal olunmuş məhsulları  ixrac edərkən, Beynəlxalq Üzüm və Şərab Təşkilatının rəyini nəzərə alacağıq və  bu, məhsulların ixracatına öz müsbət təsirini verəcəkdir.

Klaudia Kini (Beynəlxalq Üzüm və Şərab Təşkilatının prezidenti)  - “Həqiqətən də gözəl bir tədbirdir. Təşkilatçılar da yaxşı hazırlıq işləri görüblər. Mən bilirəm ki şərab istehsalı artıq sizin ölkədə də ənənəvi xarakter alan sahədir. Sizin beynəlxalq bazara çıxara biləcəyiniz  məhsullarınız var.”
Vasile Bumakov  ( Moldovanın Kənd Təsərrüfatı naziri) – “Azərbaycanla Moldova arasında gözəl münasibətlər var və biz sizin məhsulları bəyənir  və qiymətləndiririk. Azərbaycanda üzüm və şərab istehsalında da yaxşı uğurlar əldə edilib.”
Tədbirdə çıxış edən baş direktor Federiko Kasteluççi Azərbaycana üzvlüklə əlaqədar təbriklərini çatdırdı. O, ölkəmizdə üzümçülük və şərabçılığın  böyük tarixinin olduğunu söylədi və Gəncədə keçirilən birinci beynəlxalq şərab festivalının yüksək səviyyədə baş tutduğunu,  bu ilki ikinci festivalın da uğurla keçiriləcəyinə inamını ifadə etdi.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev – “Azərbaycan dövlətinin rəhbəri cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsidir ki, bütün sahədə olduğu kimi, bu sahədə də Azərbaycan dünya birliyində öz yerini tutur.  Artıq Azərbaycan bu təşkilatın üzvüdür. Gördüyünüz kimi təşkilatın baş katibi Kasteluççi qeyd etdi ki, Azərbaycanda bu festival keçirilib. Bu il də noyabr ayında Gəncə şəhərində ikinci Beynəlxalq Festivalın keçirilməsi nəzərdə tutulur. Proqram artıq bütün üzvlərə paylanılıbdır. Noyabrda bütün üzvlər Gəncə şəhərinə dəvət olunacaqlar.”

Qeyd edək ki, Beynəlxaql Şərab və Üzüm təşkilati  1924 – cü ildə yaradılıb. Azərbaycan bu təşkilatın 45-ci üzvü oldu. Bu təşkilata üzvlük ölkəmizdə şərabçılığın və üzümçülüyün inkişafına, eyni zamanda bu sahənin beynəlxalq əlaqələrinin genişləndirilməsinə təkan verəcək.

 

Keçidlər