Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili Gəncədə səfərdədir
Gəncə Şəhər İcra Hakimkiyyətinin başçısı Niyazi Bayramov Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili c-b Denis Daniilidisi qəbul edib. Görüşdə Avropa İttifaqı ilə Gəncə arasında mövcud olan humanitar və mədəni əlaqələrin genişləndirilməsinin yolları müzakirə olunub.
Şəhər icra hakimkiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağın diqqətinə çatdırıb ki, Gəncə Respublikanın ikinci böyük şəhəridir. Qədim tarixə malik Gəncə zəngin mədəniyyətə sahibdir. Burada 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin təqribən 3-də 1 hissəsini gənclər təşkil edir. 2016-cı ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət paytaxtı olan Gəncə, bu il Avropanın İdman Şəhəri titulunu daşıyır. Gəncə Avropanın İdman şəhəri titulunu əks etdirən rəsmi bayrağı ötən ilin dekabrında Belçika Krallığının paytaxtı Brüsseldə, Avropa Parlamentinin binasında baş tutan mərasimdə təhvil alıb.
Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili c-b Denis Daniilidis Gəncədə olmaqdan məmnunluq ifadə edərək, səfərinin məqsədindən söz açıb. O bildirib ki, Avropa İttifaqının xətti ilə Bakıda bir sıra mədəni layihələr həyata keçirilir. Bunların sırasında müxtəlif mövzulu festivallar da yer alır. Bunlardan biri may ayında təşkil olunacaq və tolerantlıq mövzusuna həsr ediləcək. Gender bərabərliyi mövzusunu ələ alan və qadınlara həsr edilən festivalın sentyabr ayına təsadüf edəcəyi gözlənilir. Üçüncü tədbir isə mədəni irsin təbliğinə həsr olunacaq və noyabr ayında baş tutacaq. Denis Daniilidis qeyd edib ki, bu festivallar çəçivəsində baş tutan tədbirlərdən bir neçəsinin Gəncədə keçirilməsi planlaşdırılır və səfərinin də məqsədi bunun mümkünlüyünü müzakirə etməkdir.
Gəncə Şəhər İcra Hakimkiyyətinin başçısı Niyazi Bayramov bu təklifi müsbət qarşıladığını bildirib. O, bu cür tədbirlərin Aİ ilə Gəncə arasındaki əlaqələrin daha da genişlənməsinə və möhkəmlənməsinə xidmət edəcəyini dilə gətirib.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Məlumat üçün bildirək ki, Avropa İttifaqı Nümayəndəliyinin Müvəqqəti İşlər Vəkili c-b Denis Daniilidis GDU, ADAU və Gəncə şəhər Gənclər evində olacaq, TGT və GİB üzvləri ilə müxtəlif görüşlər keçirəcək.