“20 Yanvar” şəhidi Valeri Boqdanovun ailəsi ziyarət olunub
“20 Yanvar” faciəsinin 29-cu ildönümü ərəfəsində gəncəli şəhid Valeri Boqdanovun ailəsi ziyarət olunub. Şəhər rəsmiləri, bir qrup dəmiryolçu və KİV nümayəndələri şəhidin əziz xatirəsini yad edib, dərin hörmət və ehtiramlarını ifadə ediblər.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının İctimai siyasi və humanitar məsələlər üzrə müavini Vəfa Abbasova, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban Rzayev, Gəncə Şəhər Kəpəz Rayon bələdiyyəsinin sədri Yaşar Abdullayev və DYQSC-Yük Daşımaları üzrə qərb bölgəsinin nümayəndələri iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova Valeri Boqdanovun anası Valentina Boqdanovaya şəhər rəhbərinin salamlarını çatdırıb, ona başsağlığı verib. O bildirib ki, torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq çox böyük şərəfdir. Valeri Boqdanov da bu şərəfə nail olan kəslərdən biridir. Şəhidlik zirvəsinə ucalanların xatirəsini əziz tutmaq, yaşatmaq isə hər birimizin vətəndaşlıq borcudur.
Görüşdə Valeri Boqdanovun keçdiyi ömür yoluna nəzər salınıb. Rostov Dəmiryolu Universitetinin məzunu olan Valeri Boqdanov Gəncədə dəmiryolu sahəsində çalışıb. Valeri sonrakı dövrlərdə Bakıda Milli Təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Valeri Boqdanov Xəzər sahillərində ölkəmizin sərhədlərini qoruyarkən qəhrəmancasına şəhid olub.
Şəhidin anası Valentina Boqdanova gələn qonaqlara öz minnətdarlığını bildirib. Hər zaman sülh və əminamanlığın olmasını, eyni hadisələrin bir daha təkrarlanmamasını arzu edib.
Gəncə Şəhər İcra Hakimiyyəti adından Boqadanovlar ailəsinə sovqat təqdim edilib.
Qeyd edək ki, Valeri Zakir oğlu Boqdanov 1958-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. O, Boqdanovlar ailəsinin yeganə oğlan övladı olub.