GAZ və “Belkommunmaş” Azərbaycanda “Elektrobus”ların birgə istehsal imkanlarını araşdırır
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusda işgüzar səfərdədir. Səfər çərçivəsində Belarusun Baş nazirinin müavini Mixail Rusıy ilə görüş baş tutub. Görüşdə Azərbaycan-Belarus əlaqələrindən söz açılıb, Gəncə Avtomobil Zavodu ilə “Belkommunmaş”ın əməkdaşlıq imkanları müzakirə olunub.
Belarusun Baş nazirinin müavini Mixail Rusıy həm Gəncə, həm də Azərbaycanla qurulan əlaqələrin böyük perspektivlərə malik olduğunu qeyd edib. O bildirib ki, Gəncə bir sıra investisiya layihələrinin həyata keçirilməsi üçün unikal bir regiondur. “Gəncə Avtomobil Zavodunun bazasında elektrik avtobuslarının birgə istehsalı üçün yeni texnologiyaların öyrənilməsi istiqamətində ciddi iş aparılır. Biz mövcud imkanları və perspektivləri müzakirə etdik. İstəyirik ki, əməkdaşlığımız möhkəm və davamlı olsun”. – deyə, Mixail Rusıy qeyd edib.
Azərbaycan və Belarus həmçinin Türkiyədə traktor istehsalı üzərində çalışır.
“Gəncə Avtomobil Zavodunun bazası əsasında Türkiyə ilə işləyəcəyik. Hesab edirəm ki, artıq aprel ayında ilk nəticələri dəyərləndirə biləcəyik. Bu. üç dövlət arasındakı əməkdaşlıq əlaqələrinin yeni müstəviyə çıxdığını göstərən çox ciddi və iddialı bir layihədir”, – deyə, Mixail Rusıy əlavə edib.
Həmçinin o Azərbaycan tərəfinə süd məhsullarının birgə istehsal imkanlarının gözdən keçirilməsini təklif edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov qeyd edib ki, Gəncə Avtomobil Zavodu sənaye sahəsində Azərbaycan-Belarus əməkdaşlığının flaqmanıdır. 10 ildən artıqdır ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Niyazi Bayramov digər istiqamətlərdə də əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin olduğunu dilə gətirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti “Belkommunmaş” zavoduna baş çəkəcək. Onlar istehsal prosesi ilə yaxından tanış olacaqlar.