Gəncədə müasir tipli iki yeni qəsəbə salınacaq
Gəncənin Qərb istiqamətdə salınacaq müasir tipli qəsəbənin ərazisi 50 hektar nəzərdə tutulub. Burada çoxmənzilli yaşayış binalarının, yeni tipli məktəblərin, uşaq bağçalarının, idman meydançalarının, sosial və iaşə obyektlərin inşası planlaşdırılır.
İlkin layihədə ərazidə 5 uşaq bağçası-körpələr evi və 2 məktəb binası yer alır. Gəncə şəhərinin memarı Elxan Məmmədov bildirib ki, bu il şəhərimizdə 3 məktəb və 2 uşaq bağçasının inşası nəzərdə tutulub. Ola bilsin ki, bunların bir hissəsi yeni salınacaq qəsəbələrin ərazisində inşa edilsin.
Burada inşa ediləcək çoxmərtəbəli yaşayış binalarındakı ümumi mənzil sayı 5 mindən artıq olacaq.
Elxan Məmmədov qeyd edib ki, tikilən binalar olduqca sərfəli şərtlərlə satışa çıxarılacaq. Ev sahibi olmaq istəyənlər ayda cüzi məbləğ ödəməklə o mənzilləri əldə edə biləcəklər.
Qeyd edək ki, şəhərdə qəzalı vəziyyətdə olan binalarda yaşayanların, habelə infrastruktur layihələrin icrası zamanı evlərindən köçürülən ailələrin də yeni qəsəbələrdə yerləşdirilməsi nəzərdə tutulub.
Gəncə şəhərinin memarı Elxan Məmmədov sahibkarlara da çağırış edib. O bildirib ki, şəhərdə reallaşdırılan infrastruktur layihələrinin icrasında iştirak etmək və ya yeni iş qurmaq istəyən yerli və xarici investorlara hər cür şərait yaradılacaqdır.
Müasir tipli ikinci qəsəbə isə şəhərin Şərq istiqamətində salınacaq və 150 hektar ərazini əhatə edəcək.