Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 14-də Gəncənin görməli yerlərindən biri olan “Xan bağı” mədəniyyət və istirahət parkında sakinlərlə görüşüblər.

14 fevral 2019 | 16:00

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya “Xan bağı”nın simasının tamamilə dəyişdiyi barədə məlumat verildi.

Qafqazın ən qədim parklarından biri, yaşı 200-dən çox olan “Xan bağı”nda aparılan yenidənqurma işləri ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib. Parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada fəvvarələr, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.

“Xan bağı” bitki florasının zənginliyinə görə bütün ölkədə məşhurdur. Ağacların növ tərkibi yerli cinslər hesabına artırılıb. Daxilində xiyabanlar salınıb, yay teatr binası, müxtəlif istirahət guşələri yaradılıb. Parkın yaraşıqlı yerlərindən biri də onun mərkəzində yerləşən əzəmətli çinar xiyabanıdır. Cərgələnən çinarlar arasında su hovuzları və fəvvarələr quraşdırılıb.

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva Gəncə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mehriban Əliyeva: Xoş gördük, sizi salamlayıram.

Sakinlər: Çox sağ olun, bizə göstərdiyiniz qayğıya görə Prezidentimizə, Sizə böyük minnətdarlığımızı bildiririk. Xoş gəlmisiniz. Şəhərimizin rəhbərliyinə də minnətdarlığımızı bildiririk.

Mehriban Əliyeva: Yenidən Gəncədə olmağımdan çox şadam. Son dəfə beş il bundan əvvəl Gəncədə olmuşam. Gəncə qədim mədəniyyət mərkəzidir. Bütün dövrlərdə Gəncə incəsənət, mədəniyyət, memarlıq sənəti ilə tanınıb. Gəncə dahi Nizaminin yurdudur. Azərbaycan xalqının Gəncədə yaşayıb-yaradan görkəmli nümayəndələri bizim milli sərvətimizdir. Ona görə Gəncədə olmaq mənim üçün hər zaman çox xoşdur və çox sevinirəm ki, yenidən sizinlə görüşürəm.

Sakinlər: Biz Sizi çox istəyirik. Allah Prezidentimizin canını sağ eləsin. Hamımız Prezidentimizə təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.

Kişi sakin: Prezidentimiz çox sağ olsun. Vaxtında sərmayə ayırdılar, işlər öz yolundadır, kirayə haqqı vaxtında verilir.

Mehriban Əliyeva: İlham Əliyev prezidentlik dövründə 15 dəfə Gəncədə olub, daim Gəncəyə diqqət göstərir. Gəncə bizim qədim şəhərdir, gözəl şəhərdir, böyük tarixə malik şəhərdir. Burada bütün tarixi, dini, memarlıq abidələri qorunur və qorunmalıdır. Amma, eyni zamanda, Gəncədə müasirlik var, müasir binalar, yeni yollar, infrastruktur, yeni parklar yaradılır. Xan bağı da qədim abidədir. Əlbəttə, tarixiliyi, qədim simanı qoruyub saxlamaq, eyni zamanda, müasirləşmək Gəncəni nadir bir şəhərə çevirib. Burada təkrarolunmaz ab-hava var, əlbəttə, əsas gəncəlilərdir. Mən hər zaman sizin qonaqpərvərliyinizi, səmimiyyətinizi hiss edirəm, çox sağ olun, burada olmağıma çox şadam. Mən bir neçə məktəbə baxdım, uşaq bağçalarında, uşaq evində oldum. Əsas məqsədim ondan ibarətdir ki, problemləri, həllini tapmayan məsələləri bilim. Onların hamısı ardıcıl olaraq həllini tapmalıdır.

Sakinlər: Çox sağ olun, Allah razı olsun. Təşəkkür edirik, bizə belə qayğı göstərirsiniz.

Kişi sakin: Mən cənab Prezidentə təşəkkür etmək istəyirəm. Uzun müddət idi ki, evlərimizin damları yararsız hala düşmüşdü. İndi çox gözəl damlar düzəldilir. Allah Prezidentimizin canını sağ eləsin.

Mehriban Əliyeva: Vəsait ayrılıb.

Kişi sakin: Bəli, vəsait ayrılıb. Gözəl asfalt yollarımız, müasir məktəblərimiz, poliklinikalarımız var. Bütün bunlarla fəxr edirik. Məktəblərimiz, universitetimiz çox gözəldir. Bilirsiniz ki, Gəncə Dövlət Universiteti qərb zonasında ən böyük universitetdir. Orada Ulu Öndərimizin gözəl guşəsi var. Sizin bu gün Gəncəyə gəlməyiniz, xüsusilə Leyla xanımla gəlməyiniz bizi çox sevindirir. Düz deyirlər, o, bizim qızımızdır.

Dünya Azərbaycanlılarının arzusudur ki, bayrağımız Şuşada, Xankəndidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə, Laçında dalğalansın.

Mehriban Əliyeva: Amin! Bu, hər bir azərbaycanlının ən böyük arzusudur, inşallah.

Sakinlər: Biz Prezidentimizə inanırıq, biz onu çox istəyirik. Gəncəlilər həmişə onun arxasındadır.

Kişi sakin: Mən Aqil Paşayevin 40 illik dostuyam. Sizə bir jurnal gətirmişdim, Mir Cəlal Paşayevin ev muzeyi haqqında idi.

Mehriban Əliyeva: Elə indi mən Mir Cəlal Paşayevin ev muzeyində oldum.

Kişi sakin: İndi Gəncədə çox gözəl işlər gedir. Əvvəllər küçələrimiz çala-çuxur idi. İndi qəşəng asfalt salınır. Dam örtükləri təzələnir, həqiqətən, böyük savab iş görmüsünüz.

Mehriban Əliyeva: Prezident də sizə salamlarını göndərdi. Mənə dedi ki, gəncəlilərdən soruşun, onları narahat edən hansı məsələlər var, ardıcıl olaraq hamısı həllini tapacaq.

Məktəblərlə bağlı məsələlərlə sıx məşğul oluram. Siz bilirsiniz ki, son 15 ildə ölkə üzrə 3 mindən çox məktəb tikilib və ya bərpa olunub. Ölkəmizdə bir dənə də təmirsiz məktəb qalmamalıdır. Ona görə bu sahədə ardıcıl olaraq bütün tədbirlər görülür, həm dövlət proqramı çərçivəsində, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə. Mənə məlumat verdilər ki, uşaq bağçaları ilə bağlı problem var, beşi qəzalı vəziyyətdədir. Dərhal məşğul olacağıq ki, onların da maddi-texniki bazasını yenidən quraq. Bilirəm ki, Gəncə şəhərində infrastrukturla bağlı çox işlər görülür, qazlaşdırma, enerji ilə təminat 100 faizdir.

Kişi sakin: Ölkəmizdə əmin-amanlıq var. Cənab Prezident müharibə olmasını istəmir, torpaqlarımızı sülh yolu ilə azad etməyə çalışır. Sizin daha bir xeyirxah işiniz - xəstə uşaqların, xəstə anaların müalicəsinə kömək etməyiniz bizi çox ruhlandırır. İnanın, elə bil ki, Siz hər gün o uşaqlarla gedib Məkkəni ziyarət edib gəlirsiniz. Bu, çox xeyirxah işdir. Ona görə də bu gözəl qızlar Sizə minnətdardırlar.

Mehriban Əliyeva: İmkanım olanda hər zaman kömək etməyə çalışıram.

Kişi sakin: Bəli, çox sağ olun, Allah imkanlarınızı daha da çox eləsin.

Mehriban Əliyeva: Mən bilirəm ki, keçən ilin noyabr ayında bu binada partlayış olub. Hadisə zamanı əfsuslar olsun ki, 3 nəfər həlak olub, Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbir versin. Amma onu da deyim ki, bu məsələ Prezidentin tam nəzarəti altındadır, Sərəncam da imzalanıb, vəsait də ayrılıb. Qısa bir zamanda yeni, müasir və çoxmənzilli yaşayış binası tikiləcək və 36 ailənin hər biri yeni mənzillə təmin olunacaq.

Qadın sakin: Çox sağ olun, Sizin qayğınızı hər zaman hiss edirik.

Mehriban Əliyeva: Mən də sizin məhəbbətinizi, dəstəyinizi hiss edirəm, çox sağ olun.

Kişi sakin: Tez-tez gəlin, Mehriban xanım, Sizi gözləyəcəyik.

Gənc kişi sakin: Gəncənin gəncləri adından təşəkkür edirəm. Mən Prezidentin gənclərin xaricdə təhsili ilə bağlı Fərmanına əsasən Almaniyanın Fray Universitetində təhsil almışam, fəlsəfə doktoruyam. Çox təqdirəlayiq haldır ki, ölkəmizdə gənclərə çox böyük dəstək var, önəm verilir. Hazırda Gəncədəki Aqrar Universitetin elm şöbəsində çalışıram. Bizim rektorumuz da gənclərə çox önəm verir. Mən özüm də şadam ki, xaricdə doktorantura üzrə təhsil alıb gəlmişəm və çox böyük diqqət və qayğı ilə əhatə olunmuşam. Buna görə bir gənc kimi Prezidentimizə, Sizə çox təşəkkürümü bildirirəm, çox minnətdaram. Çox xoşdur ki, Sizinlə görüşüb ürək sözlərimi deyə bildim.

Mehriban Əliyeva: Çox gözəl, bunu eşitməyə çox şadam, çox sağ olun.

Qadın sakin: Gəncəlilərin salamlarını cənab Prezidentə çatdırmağı xahiş edirik. Biz onu çox sevirik.

Mehriban Əliyeva: Sağ olun, mən sizin salamlarınızı Prezidentə çatdıracağam. Çox sağ olun. O da sizi çox sevir.

Yaşlı kişi sakin: Mehriban xanım, elimizin, obamızın, millətimizin gözəl xanımı. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə bu mürəkkəb dünyada Azərbaycanı belə gözəl vəziyyətdə saxlayıb, hörmətli Prezidentimizin özünün dediyi kimi, bir sabitlik adasına çevirməyin özü böyük şərəfdir. Sizinlə burada görüşməyimiz bizim üçün böyük şərəfdir. Ulu Öndərin yadigarı, möhtərəm Prezidentimiz Gəncəyə həmişə diqqət göstərir. Mehriban xanım, Siz də Gəncəyə həmişə qayğı göstərirsiniz. Bunları bir-iki kəlmə sözlə sadalayıb qurtarmaq mümkün deyil. Siz özünüz bizdən də yaxşı bilirsiniz ki, Gəncə üçün hansı işlər görülüb, Gəncədə elə bir gözəl şərait yaranıb ki, burada işləmək də, yaşamaq da şərəfdir. Biz qürur hissi keçiririk ki, Sizin kimi rəhbərlərimiz var. Biz hər şeydən arxayınıq. Bu gözəl balalar da Sizinlə görüşə gəliblər. Mehriban xanım, bu gözəllik Sizin sayənizdədir.

Qadın sakin: Evimiz hazır olsun, Sizi qonaq dəvət edərik, İnşallah.

Mehriban Əliyeva: Sağ olun. Mən şadam bunların hamısını eşitməkdən. Mən də ürək sözlərimi deməliyəm. Mən çox xoşbəxtəm ki, yenidən Gəncədəyəm. Gəncə xüsusi şəhərdir. Gəncənin mehriban insanları, gözəl memarlığı, qədim tarixi, təkrarolunmaz ab-havası var. Əlbəttə, mən məktəblərə də getdim, uşaq evlərində, muzeydə, “İmamzadə” Kompleksində oldum. Amma buraya gələndə mənim əsas məqsədim o idi ki, gəncəlilərlə görüşüm. Doğrudan da mən sizin bu dəstəyinizi, sevginizi hər zaman qəlbimdə hiss edirəm. İnanın ki, eyni hissləri mən də yaşayıram. Dediyim kimi, cənab Prezident 15 dəfə Gəncədə olub və İnşallah, yenə də olacaq. Ona görə burada həyata keçirilən bu abadlaşma, bu inkişaf hər zaman bizim diqqətimizdədir, hər zaman bizi sevindirir. Amma, eyni zamanda, yenə də deyirəm ki, hələ də öz həllini tapmayan problemlər də var. Biz onları bilməliyik, biz onların həlli üçün ardıcıl tədbirlər həyata keçirməliyik. Çünki əsas məqsəd odur ki, insanlar rahat, xoşbəxt yaşasınlar və ölkəmizdə bunun üçün hər şey var. Mən sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Çox şadam hər birinizi görməyə. Çox sağ olun. Çalışacağam Gəncəyə tez-tez gəlim.

Yaşlı kişi sakin: Biz də Sizə minnətdarıq, Mehriban xanım. Mən Ulu Öndərlə 3 dəfə görüşmüşəm. Onun keçirdiyi plenumlarda, büro iclaslarında iştirak etmişəm. Gəncəlilər Heydər Əliyev ideyasına həmişə sadiqdirlər və həmişə də sadiq olacaqlar. Gəncəlilər Prezident İlham Əliyevin arxasındadırlar. Mehriban xanım, gəncəlilər Prezident İlham Əliyevin və Sizin dəstəyinizi hiss edirlər və minnətdardırlar. Gəncədəki bugünkü sabitlik, abadlıq, quruculuq işləri fərəhlidir, ürəkaçandır. Bunu hər bir gəncəli hiss edir. Hər bir gəncəlinin çöhrəsindən də hiss etmək olur ki, bu, doğrudan belədir. Sizə təşəkkür edirik. Bizim salamlarımızı Prezidentimizə çatdırın.

Mehriban Əliyeva: Çox sağ olun. Mütləq çatdıracağam.

Yaşlı kişi sakin: Mehriban xanım, minnətdarıq ki, işinizin bu qədər çox olduğu bir zamanda vaxt tapıb Gəncəyə gəlmisiniz, gəncəlilərlə görüşür və onları dinləyirsiniz. Sizə cansağlığı, uzun ömür arzulayıram.

Mehriban Əliyeva: Çox sağ olun. Söz verirəm ki, Gəncəyə tez-tez gələcəyəm. Əmin olun ki, Gəncə ilə bağlı bütün məsələlər, problemlər mənim diqqət mərkəzimdədir. Siz hər zaman əmin ola bilərsiniz ki, hər bir məsələ, sizi narahat edən hər bir sualla bağlı biz əlaqədə ola bilərik və mən əlimdən gələni etməyə hazıram.

Siz yəqin bilirsiniz ki, biz Heydər Əliyev Fondunun nəzdində gənclərin “Regional İnkişaf” İctimai Birliyini yaratmışıq. Burada çalışan bütün gənclər istedadlıdırlar, vətənpərvərdirlər. Yəqin ki, görmüsünüz, Şamaxıda zəlzələdən sonra onlar orada gecə-gündüz çalışırlar, insanlara kömək edirlər. Yəni, bu kömək həm də mənəvi kömək olmalıdır. Ona görə onlar burada da çalışırlar. Gəncədə yaşayan gənclər də bu birliyə qoşula bilərlər. Ona görə bizim daim əlaqəmiz olacaq.

Mənə göstərdiyiniz belə səmimi, belə isti qonaqpərvərliyə görə bir daha sizə minnətdarlığımı bildirirəm. Prezidentin səmimi salamlarını sizə çatdırıram. Çox sağ olun.

Kişi sakin: Xoş gəlmisiniz Mehriban xanım. Bütün digər sahələrdə olduğu kimi, elmin, təhsilin, mədəniyyətin inkişafına göstərdiyiniz qayğıya görə cənab Prezidentə və Sizə dərin minnətdarlığımızı bildiririk. Azərbaycan Milli Elmlər Akademiyasına daim dövlət qayğısı göstərilir, əməkhaqqımız qaldırıldı. Minimum əməkhaqqı artırıldı. Gəncə şəhəri üçün nə qədər işlər görüldü. Niyazi müəllimin buraya təyin edilməsi bizə ürək rahatlığı verdi. Bütün ziyalılar adından bizim salamlarımızı, minnətdarlığımızı cənab Prezidentə çatdırmağınızı xahiş edirəm. Biz sizi çox sevirik.

Mehriban Əliyeva: Çox sağ olun.

Kişi sakin: Mehriban xanım, bütün gəncəlilər adından Sizi salamlayıram. Mən Gəncə Dövlət Universitetinin professoruyam. Biz buraya gəlmişik ki, Sizi görək. Xahiş edirəm bizim minnətdarlığımızı Prezidentimizə çatdırın.

Mehriban Əliyeva: Çatdıracağam, sağ olun.

Keçidlər