Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyes Gəncədədir
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri səfir Zoltan Hernyesi qəbul edib. Səmimi söhbət şəraitində keçən görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Səfir Zoltan Hernyesi Avropa Şurasının 70 illiyi münasibəti ilə təbrik edib. O, qonağa Gəncəncənin qədim tarixi və zəngin mədəni irsə barədə ətraflı məlumat verib. Niyazi Bayramov: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz töhvələr verib. Gəncə 2016-ci ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı seçilib. Bu il isə Avropanın İdman Şəhəri titulunu daşıyır. Gəncədə 3 universitet, 3 kollec fəaliyyət göstərir. Bununla yanaşı Gəncədə bir sıra iri sənaye müəssisələri də var”.
Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Səfir Zoltan Hernyes səmimi qəbula görə təşəkkürünü bidirib. O qeyd edib ki, Gəncəyə ilk dəfədir ki səfər edir. Gəlişinin məqsədinə toxunan səfir bildirib ki, o Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı" layihəsi çərçivəsində keçirilən "Gender bərabərliyi və media" mövzusunda informasiya sessiyasının açılışında iştirak etmək üçün Gəncədədir. Səfir Zoltan Hernyes: “Ümid edirik ki, “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində baş tutan təlimlərdə əldə olunan məlumatlar tövsiyə kimi qalmayacaq, praktikada öz əksini tapacaq. Dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin bu layihəyə dəstəyi göstərir ki, Azərbaycanda gender bərabərliyi məsələsinə xüsusi diqqət yetirilir və bu istiqamətdə gələcəkdə də böyük irəliləyişlərə nail olunacaq”.
Səmimi söhbət şəraitində keçən görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.