Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Gəncədə Regional müşavirə keçirmişdir
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədə “Regionlarda vətəndaş cəmiyyətinin gücləndirilməsində QHT-hökumət tərəfdaşlığı” mövzusunda zona müşavirəsi keçirilmişdir.
Ölkəmizin 15 rayonunu təmsil edən Qeyri-Hökumət Təşkilatları təmsilçilərinin, eləcə də beynəlxalq təşkilatların və Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən müşavirə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yarandığından bu günüdək həyata keçirdiyi işlərdən və bu sahədə qazandığı uğurlardan bəhs edən videoçarxın nümayişi ilə başlamışdır.
Müşavirəni giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev açaraq dövlət orqanları ilə Qeyri-Hökumət Təşkilatları arasında tərəfdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılmasını, Qeyri-Hökumət Təşkilatlarının dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə cəlb edilməsini, vətəndaş cəmiyyətinin inkişafının sürətləndirilməsini dövlət siyasətinin vacib istiqamətlərindən birinə çevrildiyini bildirmişdir. «Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına dövlət dəstəyi Konsepsiyası»nın qəbul olunması və Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılmasının ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına güclü təkan verdiyini qeyd edən Elmar Vəliyev demişdir ki, vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqət və qayğının nəticəsi olaraq son illər yüzlərlə Qeyri-Hökumət Təşkilatı yaradılmışdır. Bu baxımdan Gəncə şəhərində mövcud olan yerli Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, hazırda müxtəlif istiqamətlər üzrə vətəndaş cəmityyəti institutlarının müəyyən sayda sabit qrupları formalaşmışdır. Belə ki, şəhərdə fəaliyyət göstərən xarici dövlətlərin QHT-in sayı 9, mövcud olan yerli ictimai birliklərin və fondların, mərkəzlərin, cəmiyyətlərin, assosiasiyaların və s. isə sayı 51-ə çatmışdır. Bu təşkilatlarla işgüzar əlaqələrin qurulması və koordinasiya funksiyalarının həyata keçirilməsi qeyd olunan hüquqi normativ aktlardan başqa Azərbaycan Respublikasının «Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında», «Qrant haqqında», «İctimai birliklər haqqında», «Sərbəst toplaşmaq azadlığı haqqında», «Hüquqi şəxslərin dövlət qeydiyyatı və registri haqqında» və s. qanunlarla tənzimlənir.
Sonra Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində Qeyri-Hökumət Təşkilatlarının rolundan danışmış, milli QHT-nin öz sıralarında 615 ictimai təşkilatı birləşdirdiyini diqqətə çatdırmışdır. Hazırda Milli QHT Forumunun 66 rayonda koordinasiya mərkəzinin fəaliyyət göstərdiyini bildirən Azay Quliyev demişdir ki, 5 regionda resurs və təlim mərkəzi fəaliyyət göstərir. Forumun ölkəmizin modernləşmə yolunda qazandığı nailiyyətləri, habelə dünyada və regionda sülhün və təhlükəsizliyin təmin edilməsində, transmilli enerci və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rolunu qeyd edən natiq bu uğurların qazanılmasını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalq və dövlət qarşısında müstəsna xidmətləri kimi dəyərləndirmişdir.
Müşavirədə SEDA proqramının Azərbaycan üzrə nümayəndəsi Timoti Maqadan çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Qeyri-Hökumət Təşkilatlarının rolunu yüksək dəyərləndirmiş, bu sahədə insanlara verilən sərbəstliyin gətirdiyi uğurlardan danışmışdır.
Müşavirədə Qeyri-Hökumət Təşkilatları rəhbərlərini maraqlandıran suallara da aydınlıq gətirilmişdir. Azərbaycan Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev qaldırılan məsələlərə münasibət bildirmişdir.