Küveytin Azərbaycandakı səfiri Gəncəyə səfər edib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumini qəbul edib. Səmimi söhbət şəraitində keçən görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir: “Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz töhvələr verib. Gəncə Azərbaycanın ikinci böyük sənaye şəhəridir. Burada Gəncə Avtomovil Zavodu, Azəralüminium MMC kimi iri sənayə müəssisələri fəaliyyət göstərir. Hazırda Gəncə Dövlət Dram Teatrı üçün yeni binanın və İdman Sarayının tikintisi aparılır ki, hər ikisinin də təməli ölkə başçısı Prezident İlham Əliyev tərəfindən qoyulub. Gəncədə 3 universitet və 3 kollec var”.
Küveyt Dövlətinin ölkəmizdəki səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bidirib. O, Nizami yurdunda olmaqdan böyük məmnunluq hissi keçirdiyini qeyd edib. Gəlişinin məqsədindən danışan səfir, paytaxtla yanaşı Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə ilə də əməkdaşlığın qurula biləcəyini vurğulayıb.
Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi: “Bu Gəncəyə ilk səfərimdir. Şəhərin abadlığı, burada olan nizam-intizam, səligə-səhman bizi çox heyrətləndirdi”.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub, şəkillər çəkdirilib.