Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə özünün 4 min illik yaşını qeyd etməyə hazırlaşır

10 iyul 2013 | 15:00

Gəncə özünün 4 min illik yubileyini qeyd etməyə hazırlaşır. Bu məqsədlə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının iclas salonunda keçirilən ümumşəhər toplantısında yubileyə hazırlıqla bağlı görüləcək işlər ətraflı müzakirə edilmişdir.
Toplantını giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bu münasibətlə şəhər sakinlərini təbrik etmiş, yubiley tədbirlərinə hazırlığın əhəmiyyətindən danışmışdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru, professor Fuad Əliyev çıxış edərək yubileylə əlaqədar görüləcək işlər barədə geniş məlumat vermişdir.  Məlumatda qeyd edilmişdir ki, qədim Nizami yurdunun 4 min illik yaşı ilə əlaqədar UNESCO-nun baş direktoru İrina Bokovanın Gəncəyə unvanladığı təbrik məktubu bütün şəhər sakinlərinin sevincinə səbəb olmuşdur. Uzun illər müəmmalı olan Gəncənin həqiqi yaşının dəqiqləşdirilməsi bu gün real şəkildə elan edilmiş və onun həqiqətən 4 min il olduğu müəyyənləşdirilmişdir. Buna görə yubiley tədbirlərinə çox ciddi şəkildə hazırlıq nəzərdə tutulmuşdur. Müəyyən edilmiş tədbirlər planına əsasən şəhərdə böyük tərtibat işləri görülməli, dəyirmi masalar keçirilməli, ümumşəhər iməcilikləri təşkil edilməli, şəhərin girişində inşa edilmiş qala kompleksində arxeoloji və etnoqrafik muzey yaradılmalı, bayram konsertləri, ali və orta ixtisas məktəblərində inşa yazı müsabiqələri təşkil edilməli, Gəncəyə aid yeni monoqrafiya çap edilməli, Gəncənin tarixinə aid kataloq hazırlanmalı, yeni turizm marşrutları tərtib edilməli, ən mühüm tarixi abidələrin bukletləri hazırlanmalı, dünya kitabxanalarında və arxivlərində Gəncə ilə bağlı saxlanan əlyazma və xəritələrin surətləri Gəncəyə gətirilməli, musiqi və şer müsabiqələri təşkil edilməlidir.
Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin sədrliyi ilə yaradılmış yubiley komissiyasının tərkibi təsdiq edilmiş, tədbirlər planı müzakirə edilərək qəbul olunmuş, yubileyin keçirilməsi üçün işçi qrupu yaradılmışdır.
Yubiley tədbirlərində xarici ölkələrdən dəvət olunacaq qonaqların iştirakı ilə Beynəlxalq elmi-praktik konfransın keçirilməsi də nəzərdə tutulmuşdur.
Sonra şəhər ziyalılarından Sədnik Paşayev, Məmməd Məmmədov, Tofiq Xəlilov, Sənan Hacıyev, Samir Pişnamazzadə və başqaları çıxış edərək Gəncənin həqiqi yaşının müəyyənləşməsində diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər