Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Meksikanın Azərbaycandakı səfirini qəbul edib

12 iyun 2019 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardinini qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağa Gəncənin tarixindən söz açıb, mədəni, sənaye və iqtisadi potensialından danışıb.  O bildirib ki, Gəncə 2016-ci ildə Avropanın Gənclər Paytaxtı, 2017-ci ildə MDB ölkələrinin Mədəniyyət Paytaxtı statuslarına sahib olub. Bu il isə Avropanın İdman Şəhəri titulunu dayışır. Bütün bunlar da öz növbəsində şəhərin Avropada tanıdılması və təbliğinə müsbət təsir göstərib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 3 kollecin, həmçinin bir sıra iri sənaye müəssisələrinin olduğunu səfirin diqqətinə çatdırıb. O, burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərdiyini vurğulayıb, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisinin davam edildiyini bildirib. Niyazi Bayramov Gəncə Avtomobil Zavodunda istehsal olunan Elektrobusların da yaxın zamanlarda istifadəyə veriləcəyini qeyd edib.

Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rodriqo Labardini Niyazi Bayramovu salamlayaraq isti münasibətə görə öz təşəkkürünü bildirib.  Gəncəyə  ikinci dəfədir ki, səfər etdiyini vurğulayan səfir, əsas məqsədinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib. Rodriqo Labardini  Meksikanın Toluka-de-Lerdo  şəhəri ilə Gəncə arasında “qardaş şəhər” münasibətlərinin qurula biləcəyini söyləyib. “Qardaşlıq üçün bu şəhərin seçilməsinin əsas səbəbi isə Gəncə ilə Toluka-de-Lerdonun bir-birinə bənzəməsidir. Belə ki, hər iki şəhər yüksək sənaye potensialına malikdir”, - deyə  Rodriqo Labardini  qeyd edib. Görüşdə mədəni əlaqələrin genişləndirilməsi istiqamətində atıla biləcək addımlar da müzakirə olunub. Rodriqo Labardini Meksikanın Azərbaycandakı Səfirliyi tərəfindən Gəncədə sərgi və konsertlərin təşkilinin mümkünlüyündən danışıb. Görüş zamanı Gəncədə Meksikanın məşhur piano ifaçısı Hesus Lepenin konsert proqramının, habelə  meksikalı rəssam və fotqrafların əl işlərinin nümayiş olunduğu sərginin keçirilməsi üçün razılığa gəlinib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, xatirə şəkli çəkdirilib.

Keçidlər