Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

8 Noyabr-Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində təntənəli bayram tədbiri keçirilib

05 noyabr 2022 | 08:21
Tədbirdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, şəhid ailələri, və müharibə iştirakçıları şəhidlərin xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyublar.
Tədbir Vətən müharibəsində şəhid olmuş igid övladlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, müharibə dövründə yaşanan hadisələrdən danışıb. Qeyd edib ki, müharibə zamanı düşmən tərəfindən döyüş bölgəsindən xeyli kənarda yerləşən yaşayış məntəqələri atəşə məruz qalıb, Gəncə və digər şəhərlərdə xeyli sayda dinc sakin həlak olub, yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib. Lakin Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət göstərmiş, düşmənə layiqli cavab verərək işğal altında olan torpaqlarımızı azad edib, bizlərə qələbə sevincini yaşadıb.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov qonaqları salamlayıb və Zəfər Günü münasibətilə tədbir iştirakçılarına xoş arzularını çatdırıb. Rektor qeyd edib ki, 2020-ci il sentyabrın 27-də  Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti təxribata cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan əks-hücum əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan möhtəşəm qələbə hərb tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olunub, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatıb.
Universitetin rektoru Yusif Yusibov çıxışında onu da bildirib ki, torpaqlarımızın erməni işğalçılarından azad edilməsində Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də könüllü olaraq cəbhəyə getmiş və torpaqlarımızın yağı düşməndən azad olunmasında fəallıqla iştirak etmişdir. Bu haqq savaşında 18 gənc şəhidlik zirvəzinə ucalmışdır. Bu gün universitetdə həmin şəhidlərin adına auditoriyalar fəaliyyət göstərir. Ali məktəbin kollektivi hər zaman bu qəhrəman insanlarla fəxr edir.
Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk çıxışında 44 günlük Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin, şəxsən dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Azərbaycan xalqının yanında olmasını qeyd edib. Bildirib ki, hazırda dövlət başçılarının uğurla davam edən səmimi dostluq və qardaşlıq münasibətləri  əlaqələrin daha da dərinləşməsini şərtləndirir.
Tədbirdə müharibə iştirakçısı Nicat Məmmədov və şəhid Vidadi İsrafilovun  atası Vaqif İsrafilov  çıxışlarında bayrağımızın məğrur şəkildə dalğalanmasının Azərbaycan üçün hər şeydən vacib olduğunu vurğulayıblar.  Qeyd olunub ki, bu gün dövlətimizin qayğısı, diqqəti onlar üçün əvəzolunmazdır.
Tədbir Gəncə Dövlət Universitetinin tələbələrinin hazırladığı musiqili, ədəbi-bədii proqramla davam edib, vətənpərvərlik ruhunda ifa edilən rəngarəng kompozisiyalar maraqla qarşılanıb.
Keçidlər