Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Başçısı vətəndaşları qəbul etdi

21 iyul 2013 | 15:00

Əhalinin gündəlik həyat səviyyəsini yüksəltmək, sakinlər üçün lazımi şərait yaratmaq Gəncə şəhər İcra Hakimiyyətinin fəaliyyətində əsas prioritetlərdən birinə çevrilmişdir. İcra Başçısı sakinlərin arzu və istəklərinə, qaldırdıqları problemlərə diqqətlə yanaşır, onların həlli üçün qəti qərarlar qəbul edir. Elə bunun nəticəsidir ki, şikayətlərin sayı azalıb. Elektrik, su, qaz, evlərin və torpaq sahələrinin sənədləşdirilməsi, təhsil və sosial məsələlərlə bağlı müraciətlər azlıq təşkil edir. Bunu İcra Başçısı Elmar Vəliyevin keçirdiyi növbəti qəbul günü bir daha təsdiq etdi.
Ən müxtəlif kateqoriyaları təmsil edən vətəndaşlar həmişə olduğu kimi qəbul gününə böyük inamla gəlmişdilər. I mikrorayonun sakini Yaşar Zeynalov yaşadığı binanın dam örtüyü ilə bağlı müraciət etdi. Y.Zeynalov onu da qeyd etdi ki, şəhərin əksər yaşayış binalarının dam örtüyü dəyişdirilib. Onun yaşadığı binanın da buna ehtiyacı vardır. İcra Başçısı vətəndaşı diqqətlə dinlədi və bildirdi ki, dəyişdirilən dam örtükləri ilə yanaşı daha 150 binada həmin işlər icra olunacaqdır. Bunun üçün müvafiq vəsait ayrılmışdır.
Gəncədə kifayət qədər çoxmərtəbəli binalar olduğu üçün liftlə bağlı müraciətlər vardı. Qəbula gələn Rəxşəndə Məmmədova sakini olduğu binada liftin işləməsində problemlər yaşandığını bildirdi. Artıq bu sahədə başdan-başa yeniləşmə işi aparıldığını diqqətə çatdıran İcra Başçısı dedi ki, bu günədək sakinlərin istifadəsinə 30 ədəd ən müasir lift verilmişdir. Yaxın günlərdə sakinlər daha 80 liftin xidmətindən istifadə edə biləcəklər.
Şəhid ailələri İcra Başçısı Elmar Vəliyevi özlərinin doğmaları kimi çox sevirlər. Çəkinmədən ona hər ehtiyacları barədə müraciət edirlər. Bir neçə ay bundan əvvəl Milli Qəhrəman Elbrus Allahverdiyevin qızı İcra Başçısından cehiz olaraq mebel dəsti istəmişdi. Onun arzusu yerinə yetirildi. Bu dəfəki qəbulda isə şəhid ailəsi Fatma Məmmədova yaxın günlərdə toyu olacaq qızı üçün cehiz almaqdan ötrü maddi çətinlik çəkdiyini bildirdi. Şəhid ailəsinin arzusu həllini tapdı.
İcra Başçısının növbəti qəbulu çoxlarının həyatında müsbətə doğru dönüş gününə çevrildi. Çünki artıq onların iş yerləri olacaqdı. İxtisasca mühəndis olan Amil Əzizov, Sadıllı qəsəbəsinin sakini İlham Məmmədov, Nailə Niftəliyeva, Anar Əliyev, Allahverdi Aslanov, Əli Quliyev və bütövlükdə iş üçün müraciət edən 14 nəfər vətəndaş qəbul gününü sonsuz sevinclə tərk etdilər.
İcra Başçısının qəbuluna gələnlər təkcə problemlərdən danışmadılar. Şəhərdə aparılan genişmiqyaslı quruculuq işlərindən, yeni salınan parklardan, genişləndirilən küçələrdən fərəhlə söz açdılar. Eyni zamanda qaldırdıqları problemin həlli üçün təşəkkür etdilər. Gəncə və gəncəlilərə göstərdiyi dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Elnarə Əliyeva elə bu məqsədlə qəbul gününə gəlmişdi. Yaşadığı ev təmir olunaraq ailənin istifadəsinə verilib. Odur ki, sevincini bölüşmək istədi.
Arzu və istəkləri reallaşdıran daha bir qəbul günü çoxlarının həyatına uğurlu tarix kimi yazıldı.

Keçidlər