38 saylı Nizami ikinci seçki dairəsi hər bir şəraiti olan yeni bina ilə təmin edildi
Şəhərimizdəki 38 saylı Nizami ikinci seçki dairəsi hər bir şəraiti olan və ən müasir texnologiyalarla təmin edilmiş binaya köçmüşdür. Gəncəyə məxsus memarlıq üslubunda olan bina qədimliyi qorunmaqla demək olar tamamilə yenidən qurulmuş, seçki dairəsinin hər bir üzvü üçün rahat iş şəraiti yaradılmışdır.
Açılış mərasimin iştirakçıları əvvəlcə şəhərin mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd etmişdir ki, ölkəmiz gündən-günə inkişaf etdikcə demokratik cəmiyyət quruculuğu istiqamətində də uğurlu addımlar atılır. Elə bu qədim binanın tamamilə yenidən qurularaq dairə seçki komissiyasının ixtiyarına verilməsi də bu sahədə həyata keçirilən tədbirlərdəndir. Əvvəllər uyğunlaşdırılmamış binada fəaliyyət göstərən dairə seçki komissiyası indi əsaslı surətdə yenidən qurulmuş binada işini davam etdirəcəkdir. Buna görə Gəncə seçiciləri adından ölkə başçısına minnətdarlıq edən Elmar Vəliyev ona da əminlik ifadə etmişdir ki, istər qarşıdan gələn prezident seçkilərində, istərsə də digər seçkilərdə şəffaflığın və demokratiyanın təmin olunmasında söz yox ki, yaradılan bu şərait müsbət rol oynayacaqdır.
Sonra Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxış edərək son illər seçki sistemində həyata keçirilən yeniliklərdən danışmış və qeyd etmişdir ki, artıq respublikanın əksər şəhər və rayonlarında seçki dairələri üçün çoxlu sayda binalar inşa edilmişdir. Lakin Gəncədəki 38 saylı dairə seçki komissiyasının binası bunların hamısından fərqlənir. Gəncə gündən-günə böyüyərək öz simasını dəyişir. Özü də şəhərdə abadlıq və quruculuq işləri aparıldıqca onun qədimliyi də qorunub saxlanır. Elə bu qədim binanın belə bir görkəmdə əsaslı şəkildə yenidən qurulması onu göstərir ki, şəhərdə qədim binalara ikinci həyat verilməklə yanaşı onun şəhərə verəcəyi gözəllik də nəzərə alınır.
Mərasimdə 38 saylı dairə seçki komissiyasının katibi Rauf Qurbanov, seçici Şəhla Məmmədova da çıxış edərək keçiriləcək bütün seçkilərin şəffaflığı üçün yaradılan bütün bu şəraitə görə ölkə başçısına, eləcə də bu qədim binanın əsaslı şəkildə qurulmasında əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Sonra rəmzi qırmızı lent kəsilmiş, mərasim iştirakçıları binaya daxil olaraq burada yaradılan şəraitlə yaxından tanış olmuşlar. Məlumat verilmişdir ki, binada 2 iclas salonu, monitorinq mərkəzi, yerli və beynəlxalq müşahidəçilər, eləcə də komissiya üzvləri üçün otaqlar, qəbul otağı və sair yardımçı otaqlar yaradılmış, ən müasir texnologiyalarla təmin edilmişdir.