Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 5 Dekabr Beynəlxalq Könüllülər Günü qeyd olunub

05 dekabr 2019 | 16:00

Gəncədə 5 Dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə tədbir baş tutub.  Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətində təşkil olunan könüllü fəaliyyətini uğurla başa vuran gənclərə sertifikatlar təqdim olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Kəpəz Rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Millət Vəkilləri Naqif Həmzəyev və Pərvin Kərimzadə, AMEA Gəncə Regional bölməsinin sədri Fuad Əliyev, GDU-nun rektoru Yusif Yusibov, tələbə və könüllü gənclər iştirak ediblər.

Rəsmi hissədən əvvəl qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətində könüllü olmuş Əminə Əliyevanın əl işlərindən ibarət sərgiyə baxıblar.

Çıxışlarda qeyd olunub ki, 5 dekabr Beynəlxalq Könüllülər Günü qlobal sülh və inkişaf naminə 1985-ci ildə BMT Baş Asambleyası tərəfindən təsis edilib.  Azərbaycanda olan könüllülük hərəkatı, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin davam etdirdiyi gənclər siyasətinin bariz nəticələrindən biridir. Könüllülük fəaliyyətinin ölkəmizdə təbliği və təşviqi Azərbaycan Respublikası Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə hər il Gənclər Fondu onlarla layihə və tədbirin keçirilməsini maliyyələşdirir. Bunun davamı olaraq Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə könüllü təşkilatları və hərəkatlarının, habelə dövlət qurumlarının könüllü qruplarının iştirakı ilə 1-9 dekabr tarixləri arasında “Azərbaycan Könüllülük Həftəsi” keçirilir. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbir də bu çərçivədə reallaşıb.

Həmçinin diqqətə çatdırlıb ki, Gəncə Şəhər İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq gəncləri öz strukturlarında könüllü fəaliyyətə cəlb edir. Cari ilin mart ayından başlayaraq gənclər Gəncə Şəhər İcra Hakimiyyəti və onun strukturları olan Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərində 4 çağırış üzrə 120 gənc könüllü kimi çalışıb.

Gəncə Şəhər İcra Hakimiyyətində təşkil olunan könüllü fəaliyyətini uğurla başa vuran və könüllülük fəaliyyətində xüsusi istedadı ilə seçilən gənclərə, habelə Gəncə Şəhər İcra Hakimiyyəti və onun struktur bölmələrinin könüllülərlə iş üzrə koordinatorlarına könüllülük fəaliyyətində səmərəli işə görə sertifikatlar təqdim olunub.

Rəsmi hissədən sonra gənclərin könüllülük fəaliyyəti haqqında video-çarx nümayiş olunub.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Xəmsə” estrada qrupu, solistlər Zeynəb Hüseynova və Rüstəm Cəfərov, habelə könüllü gənclərin ifaları təqdim olunub.

 

 

 

 

Keçidlər