Gəncədə Ümummilli liderin xatirəsi ehtiramla yad edilib
Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür. Anım günü ilə əlaqədar olaraq Heydər Əliyevin abidəsi önündə izdiham müşahidə edilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hüquq mühafizə orqanları işçiləri, idarə və təşkilatların kollektivləri, tələbə-gənclər və şəhər sakinləri Ulu öndər Heydər Əliyevi dərin ehtiramla yad ediblər. Mərasim iştirakçıları Ümummilli liderin Gəncənin baş meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə dərin hörmət ifadə ediblər.
Anım mərasimində iştirak edən ziyalılar, şəhər sakinləri Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən, müstəqilliyin qorunması, ölkənin hərtərəfli tərəqqisi uğrunda gördüyü işlərdən söhbət açıblar.
Qeyd olunub ki, Gəncə daim Ümummilli liderin diqqət və qayğısını hiss edib. Respublikanın ikinci sənaye və mədəniyyət mərkəzi olan Gəncə bu böyük şəxsiyyətin əhəmiyyət verdiyi şəhərlərdən olub. Gəncənin iqtisadi potensialı məhz Heydər Əliyevin rəhbərliyi dövründə yaradılıb. Heydər Əliyev Gəncəni ölkənin iqtisadi mərkəzlərindən birinə çevirməklə, şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafına stimul yaradıb. Elə bu səbəbdəndir ki, Gəncə Heydər Əliyevə məhəbbətin mərkəz şəhəri adlandırılır.
Anım mərasimindən sonra Niyazi Bayramov və şəhər rəsmiləri Gəncənin baş meydanında yerləşən Miniatür Kitab Müzeyi və Uşaq Kitabxanasına baş çəkiblər. Burada Ulu öndərin həyat və siyasi fəaliyyətinə həsr olunan fotostendə baxış keçirilib. Məktəblilərin təqdimatında Ümummilli lider Heydər Əliyevə həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub.
FOTO QALEREYA