Gəncə şəhərində Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ictimai birliklərin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin tapşırıqları əsasında reabilitasiya və sosial xidmətlər infrastrukturunun müasir tələblərə uyğun qurulması işlərinin aparıldığını vurğulayıb. Bildirib ki, bu ilin noyabr-dekabr aylarında nazirliyin Yevlax, Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Bakıdakı Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.
Nazir müavini bildirib ki, bu ay, yəni dekabr ayında Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb, bu gün isə Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilir. Hazırda nazirliyin Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərində, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında, Göygöl və Şamaxı rayonlarındakı psixonevroloji sosial xidmət müəssisələrində də əsaslı təmir və yenidənqurma işləri davam edir.
A.Kərimov qeyd edib ki, ölkəmizdə aparılan sosial siyasətdə yaşlı, ahıl insanların dövlət qayğısı ilə əhatə olunması mühüm yer tutur. Onların pensiya təminatı ildən-ilə güclənir və cari ildə də bu sahədə mühüm addımlar atılıb. Habelə tənha ahıl vətəndaşlara evlərində sosial-məişət xidməti göstərilir. Bu il sosial xidmət sistemində yeni istiqamət kimi, nazirliyin dəstəyi ilə ahıllar üçün günərzi qayğı mərkəzləri də yaradılıb. Eyni zamanda, pensiya yaşına çatmış şəxslərin ehtiyaclarına uyğun olaraq stasionar şəraitdə sosial xdmətlərlə təminatı işləri aparılır. Bakının Sabunçu rayonundakı Pensiya yaşına çatmış şəxslər sosial xidmət müəssisəsində müasir şərait mövcuddur və artıq Gəncə şəhərindəki Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzində də belə bir müasir şərait yaradılıb.
Nazir müavini deyib ki, müəssisə stasionar şəraitdə sosial xdmətlərə ehtiyac duyan 110 nəfər üçün nəzərdə tutulub və burada həmin insanlar daimi dövlət təminatında yaşayacaqlar. Burada yaradılan müasir şərait də yaşlı, ahıl insanlara dövlətin yüksək qayğısının bir göstəricisidir.
N.Bayramov Prezident İlham Əliyevin həssas əhali qruplarından olan vətəndaşlara diqqət və qayğısından bəhs edib. Bu kateqoriyadan olan vətəndaşların qayğı ilə əhatə olunması istiqamətində Gəncə şəhərində də müvafiq işlərin aparıldığını diqqətə çatdırıb. N.Bayramov Gəncə şəhərində belə bir müasir şəraitli müəsissənin istifadəyə verilməsinin bu şəhərdə və ətraf rayonlarda yaşayan, stasionar şəraitdə sosial xidmətlərə ehtiyac duyan yaşlı insanlara böyük qayğının təzahürü olduğunu bildirib.
Sonra tədbir iştirakçıları Pensiyacıların Ərazi Sosial Xidmət Mərkəzində yaradılan şəraitlə tanış olublar. 3 mərtəbəli bina üçün əlavə yardımçı bina tikilib da tikilib. Müəssisədə avadanlıqlar, bütün kommunal sistem də yenilənib, hər bir otaqda normal yaşayış şəraiti yaradılıb, ətraf ərazi yaşıllaşdırılıb.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ