Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların müraciətlərini dinləyib
Artıq ənənə halına çevrilən görüşlərdə vətəndaşlar rahat şəkildə öz problemlərini dilə gətirir, onların aradan qaldırması istiqamətində tapşırıqlar verilir. Bu görüşlərin Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirildiyini bildirən Niyazi Bayramov, əsas məqsədin sakinlərin problemlərini öyrənmək və onları həll etməkdən ibarət olduğunu vurğulayıb. Şəhər rəhbəri çıxışında Gəncədə həyata keçirilən abadlıq və quruculuq işləri, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin, fasad və girişlərinin təmiri, yeni liftlərin quraşdırılması, yolların təmir işlərinin aparılması barədə məlumat verib. Həmçinin, Niyazi Bayramov gələcək illərdə binaların qarşısında nümunəvi məhəllələrin yaradılacağından da söz açıb.
“Açıq mikrofon” şəraitində keçirilən görüşdə şəhər sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və ölkənin vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. Sakinlər onları narahat edən problemlərdən də danışıblar. Müraciətlər əsasən küçə işıqlanması, sahibsiz itlər, işlə təminat, əlillik dərəcəsinin təyininə köməklik ilə bağlı olub.
Qəbulda səslənən fikirlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib. Qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.