Gəncədə Xocalı sakinləri üçün tibbi müayinələr keçirilib
Xocalı soyqırımının 28-ci ildönümü ərəfəsində Gəncə şəhərindəki Yeni qəsəbə-2-də yaşayan, əsasən Xocalı rayonundan olan məcburi köçkünlər və qəsəbənin əhalisi tibbi müayinələrdən kecirilib. Tədbirə hazırlıq məqsədilə öncədən Şəhər İcra Hakimiyyətinin və aidiyyəti tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə xüsusi müşavirə keçirilib. Yerli televiziya kanallarında “qaçan sətirlərlə” mütəmadi elanlar verilb, Yeni qəsəbənin bir çox yerlərinə elanlar yapışdırılıb.
Hazırda qəsəbədə 2200-dən cox sakin yaşayır. Onlardan 1154 nəfəri Xocalı rayonundandır ki, bunlardan da 421 nəfərini uşaqlar təşkil edir.
Gəncə şəhər Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev qeyd edib ki, Yeni qəsəbədə 927 nəfər müayinə edilib və müvafiq məsləhətlər verilib. Həmçinin, 5 sakinə evində konsilium edilib. Tibbi profilaktik baxışda üçün avadanlıq və aparatlarla təminata, səyyar rentgenoflüoroqrafik, ultrasəslə müayinə(USM), elektrokardioqrafik(EKQ) və laborator müayinələrin aparılmasına terapevt, pediatr, cərrah, uşaq cərrahı, nevropatoloq, oftalmoloq, infeksionist, ftiziatr, LOR-həkim, endokrinoloq, dermatoveneroloq və digər ixtisasdan olan həkimlər iştirak ediblər. Qadın əhalisinə mama-ginekoloji baxışlar təmin edilib. Əhaliyə sanitariya maarifi vasitələri də paylanılıb.
“91 şəxsə ambulator müalicə təyin edilib. 17 şəxs stasionar tibbi xidmət üçün Gəncə şəhərinə dəvət olunub” –deyə Akif Zərbəliyev əlavə edib.
Ssakinlər təşkil olunan tibbi müayinələrə görə Prezident İlham Əliyevə və vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər. Müayinələr dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndirilib.