Gəncənin icimai həyatında fərqlənən qadınlar mükafatlandırılıblar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanımları təbrik edib. O qeyd edib ki, qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. Müasir həyatımızda da Azərbaycan qadınının fəallığı diqqət mərkəzindədir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının səsi eşidilməsin. Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm də ictimai-siyasi xadimdir. Bu, sevindirici haldır. Bütün Azərbaycan qadınlarını qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən şəhər rəhbəri onlara cansağlığı, uzun ömür, əmək fəaliyyətlərində uğurlar arzulayıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev çıxış edərək, xanımlara işlərində uğurlar və yüksək nailiyyətlər arzu edib. O qeyd edib ki, bu gün Azərbaycan qadını bütün sahələrdə mübariz və dəyanətlidir. O cümlədən ictimai-siyasi fəaliyyətdə məxsusi keyfiyyətləri ilə seçilir. Belə qadınlarımızla hər bir vətəndaş fəxr edir və onların gördüyü işlərdən və səmərəli fəaliyyətindən nümunə götürür.
Xanımlar adından çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Vəfa Abbasova göstərilən diqqətə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Azərbaycan qadını ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında bütün dünyada öz layiqli yerini tapıb. “Biz bilirik ki, təqribən, yüz il bundan öncə, Şərqdə qadınlara ilk dəfə seçib-seçilmək hüququ məhz Azərbaycanda verilib. Bu bərabər hüquqlar və bərabər imkanlar ölkəmizin Konstitusiyası tərəfindən də təsbit edilib. Bu gün müasir Azərbaycanın dövlət idarəçilik sistemində elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Bütün bunlarla yanaşı milli-mənəvi dəyərlərimizin, əxlaqi keyfiyyətlərimizin qorunmasında, onların gələcək nəsillərə ötürülməsində qadınlarımızın üzərinə böyük öhdəlik düşür”, - xanım müavin bildirib. Bütün xanımları 8 mart – Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edən Vəfa Abbasova, onlara xoşbəxtlik arzu edib.
Görüşün sonunda Gəncənin ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup qadına Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və xatirə hədiyyələri təqdim olunub.
Xanımlar göstərilən diqqət üçün şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.