Gəncədə keçirilən II Beynəlxalq Şərib Festivalı uğurla başa çatmışdır
II Gəncə Beynəlxalq Şərab Festivalının ikinci günündə şəhər icra hakimiyyətində görüş olmuşdur.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlamış, I Beynəlxalq Şərab Festivalından keçən dövr ərzində Fransa ilə davam edən əməkdaşlıq əlaqələrinin verdiyi bəhrələrdən danışmışdır. Fransanın Burqundiya regionu Yon vilayəti Ali Şurasının prezidenti Andre Vilye, Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatının Baş katibi Frederiko Kastelluci, Şabliğ şəhərinin meri Patrik Jaedno çıxış edərək Azərbaycan-Fransa əlaqələrinin genişləndirilməsində bu qəbildən olan görüşlərin əhəmiyyətindən danışmış və bildirmişlər ki, Azərbaycan Fransa üçün vacib ölkədir və o, təkcə enerji resursları ilə deyil, həm də iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq üçün əlverişli tərəfdaşdır. Fransalı qonaqlar, həmçinin Gəncə şəhərində həyata keçirilən sürətli inkişafı, aparılan quruculuq işlərini yüksək qiymətləndirmişlər.
Görüşdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Məmmədov çıxış edərək son illər Fransa-Azərbaycan əlaqələrinin genişləndirilməsində qazanılan uğurlardan söhbət açmış, bu əlaqələrin davamlı olması üçün böyük imkanlar yarandığını diqqətə çatdırmışlar.
Fransa ilə Azərbaycan regionları arasında qurulacaq iş birliyi çərçivəsində ilk olaraq Gəncədə fransız çörəyi istehsalı müəssisəsinin yaradılması barədə memorandum imzalandıqdan sonra qonaqlar görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuşlar.
Festival çərçivəsində şəhərlə yaxından tanış olan III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları və fransalı qonaqlar dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, burada xatirə kitabına ürək sözlərini yazmışlar. Qonaqlar daha sonra Bayraq Meydanı, «Xəmsə» kompleksi, Xan bağı, Şah Abbas məscidi, Cavad xan türbəsi ilə tanış olmuşlar.
Sonra Cavad xan küçəsinə gələn qonaqlar burada II Gəncə Beynəlxalq Şərab Festivalı çərçivəsində təşkil edilmiş sərgi-tamaşalara baxmışlar. Başdan-başa bayram əhval-ruhiyyəsində bəzədilmiş küçədə nümayiş etdirilən şərab məhsulları, aktyorların ifaları, məktəblilərin, həmçinin uşaq bağçalarının balaca sakinlərinin təqdim etdikləri şeir parçaları qonaqlara xoş ovqat bəxş etmişdir.
Sonra II Gəncə Beynəlxalq Şərab Festivalı öz işinə başlamışdır. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev dünyanın 40 ölkəsindən 200 nəfərədək nümayəndənin iştirak etdiyi II Gəncə Beynəlxalq Şərab Festivalı münasibətilə hamını təbrik etmiş, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırmışdır. III Bakı Humanitar Forumunun iştirakçıları və fransalı qonaqlar çıxış edərək festivala yüksək səviyyədə aparılan hazırlıqdan məmnun qaldıqlarını bildirmiş və belə tədbirlərin müxtəlif xalqların bir-birinə daha da yaxınlaşmasında əhəmiyyətli rol oynadığını diqqətə çatdırmışlar.
Sonra qonaqlar Gəncənin və regionun şərab istehsalçılarının açdıqları pavilyonlarda şərab məhsullarının, eləcə də təqdim olunan milli Azərbaycan xörəklərinin dadına baxmışlar. Beləliklə, Gəncədə reallaşan daha bir möhtəşəm beynəlxalq tədbir uğurla başa çatmışdır.