Gəncədə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edilmişdir
Gəncədə Dövlət Bayrağı Günü təntənə ilə qeyd edilmişdir. Səhər tezdən Bayraq Meydanına toplaşan şəhər sakinləri dalğalanan Azərbaycan bayrağını qürurla seyr edir, müstəqilliyimizin ən vacib atributu olan üçrəngli bayrağımızla fəxr edirdilər.
Nəfəsli orkestrin ifasında Dövlət Himni səsləndikdən sonra meydan əsgərlərə və məktəblilərə verilmişdir. Əsgərlər çiyinlərində tutduqları və hər bir azərbaycanlının qürur mənbəyi olan Azərbaycan bayrağını meydandan keçirdikdən sonra məktəblilər marş sədaları altında mətin addımlarla tədbir iştirakçılarının qarşısından keçmişlər.
Tədbirdə iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilmiş üçrəngli bayrağımızın hər bir azərbaycanlı üçün məhəbbət simvoluna çevrildiyini qeyd etmiş, ölkə başçısı İlham Əliyevin Dövlət Bayrağının müqəddəsliyi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, dünyada ilk hündür bayraq Azərbaycanda, Bakıda ucaldılmış, məhz burada bayraq muzeyi yaradılmışdır. Gəncənin Bayraq Meydanında dalğalanan bayrağımız isə hündürlüyünə görə respublikamızda ikinci ən uca bayraqdır. Gənc nəslin qürur mənbəyi və müstəqilliyimizin ən vacib atributu olan üçrəngli Azərbaycan bayrağı bu gün ölkəmizin hər bir bölgəsində qürurla dalğalanır. Bayram tədbirində bayrağımızın tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunmuşdur.
Sonra şəhərin musiqi kollektivləri vətənə, qəhrəmanlığa həsr olunmuş konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış etmişlər.